Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch”: Türkiyədə inflyasiyanın daha da aşağı düşəcəyini gözləyirik.
Banco.az xəbər verir ki, kredit reytinq agentliyi “Fitch Ratings”in baş direktoru Erix Arisp Morales agentliyin Türkiyənin kredit reytinqini “BB-”, reytinq perspektivini isə “stabil” olaraq təsdiqləməsindən sonra qərarla bağlı qiymətləndirmələr aparıb.
Morales Türkiyənin cari əməliyyatlar balansındakı azalmanın və beynəlxalq ehtiyatlarının güclənməsinin davam etdiyini bildirib.
Türkiyə üçün əsas siyasət çətinliyinin yüksək inflyasiya səviyyəsi olaraq qaldığını qeyd edən Morales buna görə də ötən həftəki qiymətləndirmələrində Türkiyənin reytinq perspektivini sabit saxlamağa qərar verdiklərini deyib.
Türkiyə ilə eyni kredit reytinqinə malik digər ölkələrdə inflyasiyanın daha aşağı səviyyədə olduğunu vurğulayan Morales bunları qeyd edib:
“İnflyasiya ilə bağlı risklər bizim qiymətləndirməmizə təsir edən əsas amillərdən biridir. Lakin inflyasiyanın azalması davam edir və daha da enməsini gözləyirik. Türkiyə üçün bu ilin sonunda inflyasiyanın 23%, 2026-cı ilin sonunda isə 18% səviyyəsində olacağını proqnozlaşdırırıq.”
Morales Türkiyə Mərkəzi Bankının (TCMB) siyasət faizinin bu ilin sonunda 28%, 2026-cı ilin sonunda isə 21%-ə enəcəyini proqnozlaşdırdıqlarını bildirib.
Türkiyənin mövcud siyasətlərini davam etdirməsi ilə portfel investisiyalarının artacağını gözlədiklərini qeyd edən Morales birbaşa xarici investisiyaların isə uzunmüddətli öhdəlik tələb etdiyini vurğulayıb.
Morales bu il Türkiyə üçün digər mühüm amilin siyasət davamlılığının yaxşılaşması ilə bağlı gözləntilərin nə dərəcədə reallaşacağını izləmək olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!