Müəllif:Mehin Qasımova,Banco.az
SpaceX-in gəliri 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 161% artaraq 14,6 milyard dollara yüksəlib. Artıma süni intellekt istiqamətindəki gəlirlər və Starlink abunəçilərinin sayının artması təsir göstərib.
Banco.az xəbər verir ki, şirkətin 2025-ci ilin üçüncü rübündə gəliri 5,6 milyard dollar təşkil edib.
Hesabat dövründə SpaceX-in süni intellekt seqmentindən əldə etdiyi gəlir illik müqayisədə 830% artaraq 7,6 milyard dollara çatıb. Bağlantı xidmətlərindən əldə olunan gəlir 69% artımla 5,2 milyard dollar, kosmik fəaliyyət üzrə gəlir isə 6% artımla 1,8 milyard dollar olub.
Şirkətin xalis mənfəəti də kəskin yüksələrək 4,4 milyard dollar təşkil edib. Halbuki ötən ilin eyni dövründə "SpaceX" 1,05 milyard dollar xalis zərər qeydə almışdı.
SpaceX-in üçüncü rübdə ümumi kapital xərcləri 19,6 milyard dollara çatıb. Bunun 16 milyard dollardan çoxu süni intellekt sahəsinə yönəldilib.
Şirkət yanvar-sentyabr aylarında 113 kosmik buraxılış həyata keçirib. Starlink abunəçilərinin sayı isə iyunun sonundakı 12 milyondan sentyabrın sonunda 13,6 milyona yüksəlib.
SpaceX-in baş direktoru İlon Mask investorlarla görüşdə şirkətin illik gəlirinin 2027-ci ilin sonuna qədər 500 milyard dollarla 1 trilyon dollar arasında ola biləcəyini proqnozlaşdırıb.
