Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən, 2024-cü ilin yanvar ayının 1-nə olan göstəricilərə görə, manatın dövretmə sürəti 3,45 bənd təşkil edib. Bu göstərici, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə 0,12 bənd (3,4%) azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,9%) enib. Xatırladaq ki, 2023-cü ilin dekabr ayının 1-də manatın dövretmə sürəti 3,57 bənd, 2023-cü ilin yanvar ayının 1-də isə 3,48 bənd səviyyəsində olub.
Dövretmə sürətinin azalması səbəbləri barədə banco.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, vacib makroiqtisadi göstəricilərdən biri olmasa da, amma iqtisadiyyata təsir edən elementlərdəndir:
“Burada əsas tendensiyanı izləmək lazımdır ki, növbəti aylarda vəziyyət necə dəyişəcək. Ümumilikdə götürəndə isə hələlik ciddi bir dəyişiklik müşahidə edilmir. Çox vaxt ilin sonunda və ya əvvəlində manatın dövretmə sürətində müəyyən qrafikdən yayınmalar olur. Buna görə də yaxın iki-üç ay ərzində vəziyyəti izləmək lazımdır. Yaxın aylarda, böyük ehtimalla, normativ qaydalara və əvvəlcədən qəbul olunmuş normalara uyğun bir dinamika müşahidə edəcəyik. Yəni, hazırda təhlükəli bir tendensiyadan danışmaq üçün əsas yoxdur.”