Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Müasir dövrdə yalnız bacarıqlı olmaq kifayət etmir, bu bacarıqları düzgün təqdim etmək də vacibdir.
Banco.az xəbər verir ki, satış üzrə mütəxəssis və təlimçi Kamal Mahmudov gənclərə öz dəyərlərini və bacarıqlarını necə ön plana çıxarmaq barədə mühüm məqamları açıqlayıb. O hesab edir ki, satış təkcə məhsul və ya xidmətlə məhdudlaşmamalı, insan öz fikirlərini və dəyərlərini düzgün ifadə etməyi də bacarmalıdır.
Kamal Mahmudovun sözlərinə görə, gənclər təcrübəsiz olduqlarına görə çəkinməməli, əksinə, bunu üstünlüyə çevirməyi öyrənməlidirlər:
"Yaş məhdudiyyət deyil, əksinə, yeni yanaşmalar üçün bir fürsətdir. Gənclər texnologiya və trendləri daha tez qavradıqları üçün bu, onların əsas güclü tərəfi sayılır.
Bu yanaşmaların əsas məqsədi isə insanların özlərini və bacarıqlarını “satmaq” fikrindən qorxmaması, əksinə, bunun bir dəyər paylaşımı olduğunu anlamasıdır.
Yaxşı olardı gənclər müsahibə zamanı maaş məsələsində tərəddüd etməsinlər. CV-də boşluqları “öyrənməyə həvəs” kimi göstərmək, dostlar arasında fərqliliyi qorumaq, öz fikirlərini inamla ifadə etmək və "problem" anlayışını "fürsət" kimi görmək uğurun açar prinsiplərindəndir”.
Mütəxəssis düşünür ki, gənclər özlərini başqaları ilə müqayisə etməməli və öz fərdi hekayələrini yaratmalıdırlar:
“Sosial şəbəkələrdə hər kəs müvəffəqiyyət hekayəsi paylaşır, amma səmimiyyət daha qiymətlidir. İnsanlar real təcrübələrdən öyrənir və həqiqi uğur belə formalaşır” – deyə Kamal Mahmudov qeyd edib.