Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ildə Azərbaycanda kartof istehsalı və ixracında azalma müşahidə olunub.
Banco.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvar-noyabr aylarında 46 752,1 hektar sahədən 920 241,7 ton kartof yığılmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6% və ya 75 674,7 ton azdır.
Bu azalmalar daxili bazarda kartofun qiymət artımına səbəb olub. Son aylarda həm bazarlarda, həm də mağazalarda kartofun bahalaşdığı müşahidə edilir.
Bu barədə iqtisadçı Günay Hüseynova Banco.az-a bildirib ki, istehsal olunan məhsul tələb üçün az olduğu üçün qiymət artımı baş verir və bazarda qıtlıq yaranmasına səbəb olur:
“Digər amil isə bundan ibarətdir ki, yerli istehsal əhalinin tələbatını ödəmir. Hazırda biz həm də, həmin məhsulu xaricdən idxal edirik. Həmin ölkələrdə məhsulun topdan satışına təsir edən amillər sırasında qiymət artımı, logistika qiymətlərinin artmasını göstərə bilərik. Bu, məhsulun ölkəmizdə qiymət artımına səbəb olan faktlar arasındadır.
Düşünürəm ki, qiymət artımının qarşısını almaq üçün bir sıra güzəştlər tətbiq edilməlidir: Yaxşı olardı, mövsümü olaraq gömrük və vergidən azadolmalar tətbiq edilsin”.
2024-cü ilin yanvar-aprel aylarında ölkəyə əsas idxal mənbələri aşağıdakı kimi olub:
- Rusiya: 24 076 ton kartof idxal edilib, hər kiloqramın orta qiyməti 0,43 manat təşkil edib.
- Belarus: 8 215 ton kartof idxal olunub, hər kiloqramın orta qiyməti 0,53 manat olub.
- İran: 43 130 ton kartof idxal edilib, hər kiloqramın orta qiyməti 0,44 manat təşkil edib.
- Gürcüstan: 1 226 ton kartof idxal olunub, hər kiloqramın orta qiyməti 0,62 manat olub.
Niderland: 21 ton kartof idxal edilib, hər kiloqramın orta qiyməti 1,44 manat təşkil edib