Müəllif: Tamara Mustafayeva, Banco.az
Bildiyiniz kimi, bu gün, yəni 25 dekabr tarixində xristian aləmi yeni ilin müjdəçisi olan Milad bayramını qeyd edir. Banco.az da sizə dünyanın müxtəlif yerlərində yaşayan ayrı-ayrı xalqların bu günü necə keçirdiyini təqdim edir.
Latın dilində "doğum" mənasını verən "Natalis" sözündən yaranan "Milad" İsa Peyğəmbərin anadan olduğu günə verilən addır. Dünya xristianları hər il dekabr ayının 25-də bu günü təntənəli bayram kimi qeyd edirlər. Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Bununal belə, xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələr də bu günü rəsmi bayram günü kimi qeyd edirlər.
Milad bayramını qeyd edən xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır və böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin isə ilk dəfə 16-cı əsr Almaniyasında meydana gəldiyi və Avropaya buradan yayıldığı ehtimal edilir.
25 dekabr tarixi adətən bayramı qeyd edən insanların ailələri ilə birlikdə vaxt keçirməsi üçün ən gözəl fürsət hesab edilir. Bir qayda olaraq ailə üzvləri günorta vaxtı birlikdə nahar süfrəsinə əyləşir. Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Böyük Britaniya və onun adətlərindən təsirlənmiş ölkələrdə Milad süfrəsində hind toyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.
Polşada və digər Şərqi Avropa ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr bayram süfrəsinə ət yeməkləri qoyurlar. Almaniya, Fransa və Avstriyada qaz və qaban əti sevimli Milad yeməyi sayılır. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurdur. Portağal isə şimal ölkələrində nadir tapılan meyvə olduğu üçün Milad süfrəsi ilə əlaqələndirilib və desertlər siyahısına əlavə edilmişdir.
Milad bayramını qeyd edən ölkələrin əksəriyyətində dükan və mağazaların çoxu həmin günü bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.
Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, Santa Klaus, yəni Şaxta Babadır. Şaxta Baba obrazının ilham mənbəyi kimi isə 4-cü əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və köməklik göstərən din adamı olmuşdur. Qırmızı libaslı, ağappaq uzun saqqallı, yaşlı Şaxta Baba obrazı isə 1930-cu illərdə bir içki markasının reklamında istifadə edilmiş və həmin tarixdən bəri ənənəvi xarakter daşımağa başlamışdır.
Milad bayramı ərəfəsində adətən uşaqlar Şaxta Babaya məktub yazır və arzu etdikləri hədiyyələrin siyahısını təqdim edirlər. Müxtəlif ölkələrin şəhər və qəsəbə mərkəzlərində, alış-veriş obyektlərində quraşdırılan "Şaxta Baba Evləri"ndə Şaxta Baba və ya onun Elflərinin obrazına bürünmüş insanlar uşaqların arzularını dinləyir və yazdıqları məktubları Şaxta Babaya təhvil vermək üçün götürürlər.
Bayram ərəfəsində əksər evlərdə stolun üzərinə Şaxta Baba və onun arabasını çəkən əfsanəvi marallar üçün şirniyatlar qoyulur. ABŞ-da adətən süd və peçenye qoyulması adət halını almışdır. Uşaqların inancına görə, Milad gecəsi Şaxta Baba bütün evləri ziyarət edir və şam ağacının altına onların arzu etdikləri hədiyyələri qoyur.
Biz də öz növbəmizdə ürəyində daima ümid və inam işığını qoruyan hər kəsin Milad Bayramını təbrik edirik.
Həmçinin oxu: Qışın soyuğunda ürəyinizi isidəcək Milad filmləri
Bizi sosial şəbəkələrdən izləyin!!