Müəllif:Ayşən İmanova/Banco.az
Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə “WhatsApp” messencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə “BBC” ölkənin birinci nazirinin müavini Keyt Forbsun bəyanatına istinadən məlumat yayıb.
“Hökumət fəaliyyətləri təhlükəsiz olan və məlumatın qanunla müəyyən edilmiş öhdəliklərimizə uyğun şəkildə paylaşılmasına imkan verən hökumət sistemlərində həyata keçirilməlidir”, - o bildirib .
Forbs əlavə edib ki, “WhatsApp” və digər “qeyri-korporativ” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından dayandırılacaq.
Onun sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız “Microsoft Teams” kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Eyni zamanda, onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan olunacaq. Bütün “qeyri-korporativ” ani messencerlər yenidən quraşdırmaq imkanı olmadan nazirlərin iş mobil cihazlarından silinəcək.