Müəllif:Ayşən İmanova/Banco.az
Norveç hakimiyyəti 2025-ci ildə Ukraynaya dəstək proqramı çərçivəsində yardımı hazırkı 27 milyard Norveç kronundan (2,46 milyard dollar) 30 milyard krona (2,7 milyard dollar) qədər artırmağı qərara alıb.
Banco.az xəbər verir ki, bunu Norveçin baş naziri Yonas Qar Störe deyib və bununla da Kiyevə yardımın azaldılması ilə bağlı daha əvvəl irəli sürülmüş təklifdən imtina edib.
“Reuters” agentliyinin məlumatına görə, sol mərkəzçi koalisiya hökuməti oktyabrda Ukraynaya yardımı 15 milyard krona (1,37 milyard dollar) qədər azaltmağı təklif edib, lakin müxalifət partiyaları bu təşəbbüsə qarşı çıxıb. Belə ki, mühafizəkarlar Ukrayna üçün nəzərdə tutulan xərcləri 45 milyard krona (4,11 milyard dollar) çatdırmağı təklif ediblər.
Norveç hökumətinin başçısı daha əvvəl bildirmişdi ki, ölkə Ukraynaya dəstək proqramını 2030-cu ilə qədər uzatmaq niyyətindədir. Krallıq 2022-ci ilin fevralından Kiyevə 3 milyard dollardan çox yardım göstərib.