Müəllif: Gülnar Əhmədli, Banco.az
Yəqin ki, dəfələrlə ingilis dilini öyrənmək istəmisiniz, lakin düzgün vaxtı tapa bilməmisiniz. Bəzilərimiz iş səbəbilə, bəzilərimiz isə başqa səbəblərdən dolayı kursa getməyə vaxt tapa bilmirik. Bəs evdə hansı üsullarla ingilis dilini təkmişlləşdirmək olar? Birlikdə nəzər salaq:
1. Onlayn dərslərə qoşulun
Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən asan şey onlayn təhsil almaqdır. Bunun üçün ingilis dili müəllimlərindən və ya tanıdığınız, ingilis dilini yaxşı bilən insanlardan kömək istəyə bilərsiniz. Qısa müddətə də olsa, mütəxəssislərdən təlim almaq tez bir zamanda inkişaf etmənizə kömək edəcək.
2. İstifadə etdiyiniz texnoloji cihazların dilini ingilis dilinə dəyişin
Texnologiya həyatımızın hər sahəsində iştirak edir. Buna görə də evdə ingilis dilini öyrənmək üçün smartfon və kompüter kimi texnoloji cihazlardan istifadə irəliləyiş əldə etməyə kömək edəcək. Smartfonlara və kompüterlərə sərf olunan vaxtı öz xeyrimizə çevirməyin müxtəlif yolları var. Bunun ən asan yolu cihazın dilini ingilis dilinə dəyişməkdir. Bu yolla siz bilmədiyiniz ingiliscə sözləri öyrənəcək və cihazınızdan istifadə etmək üçün onları yaddaqalan edəcəksiniz.
3. İngilis dilində mahnılarına qulaq asın
Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən əyləncəli və ən asan üsul ingilis mahnılarını dinləməkdir. Mahnılara qulaq asanda istəmədən də olsa, sözləri əzbərləyirik. Məsələn, reklamlarda səslənən musiqini düşünək, istəməsək də, ağlımızdan çıxara bilmirik. Bunu xeyrimizə dəyişərək sevdiyimiz ingilis mahnılarına daimi qulaq asa bilərik. Bu bizə iki mənada fayda verəcək. Birincisi, yeni sözləri öyrənəcəyik, ikincisi, sözlərin necə tələffüz edildiyini eşidəcəyik.
4. Serial və ya filmlərə baxarkən azərbaycanca subtitrlərdən istifadə etməyin
Hamımız filmlərə və seriallara baxmağı sevirik. Bəs niyə bu vəziyyəti özümüz üçün üstünlüyə çevirməyək? Müəyyən səviyyədə ingilis dilini bilirsinizsə və altyazılı filmlərə baxarkən deyilənlərin çoxunu başa düşürsünüzsə, film və serialları izləyərkən altyazılardan istifadə etməyin.
5. İngilis dilində gündəlik yazın
Bu üsul ingilis dilini evdə öyrənmək istəyənlərə deyil, ingilis dilini təkmilləşdirmək istəyənlər üçün əla üsuldur. Bir gündə nə etdiyinizi təsvir etmək üçün kifayət qədər ingilis dilini bilirsinizsə, gündəlik yazmaq və ya blog yazmaqla böyük irəliləyiş əldə edə bilərsiniz.
6. Hər gün yeni sözlər öyrənin: Evinizdəki otaqların divarlarına ingiliscə yeni sözlər və onların mənaları ilə "post-it" qeydləri yapışdırın
Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən sadə şey hər gün yeni sözlər öyrənməkdir. Yeni ingiliscə sözləri öyrənmək üçün qeydlər hazırlamaq və onları daim təkrarlamaq faydalı olacaq. İstəyirsinizsə, bunu notbuka, kompüterə və ya smartfona yazaraq edə bilərsiniz. Və ya öyrənmək istədiyiniz sözləri və mənalarını "post-it" kağızlarına yazıb evinizdəki otaqların divarlarına yapışdıra bilərsiniz.
7. Onlayn tanış olduğunuz insanlarla ingilis dilində söhbət edin
İngilis dilini təkmilləşdirməyin ən təsirli yolu daim danışmaqdır. Bu səbəbdən xarici dostlarla onlayn söhbət edərək yeni sözlər öyrənə və öyrəndiyiniz sözləri yaddaqalan edə bilərsiniz. Bu həm də məşq etmək üçün əla bir yoldur. Məşq etmək və yeni dostlar qazanmaq bir daşla iki quş vurmaq kimidir.
8. İngiliscə kitablar, jurnallar və ya qəzetlər oxuyun
Əgər oxumağı sevirsinizsə, evdə ingilis dilini öyrənmək üçün bu hobbidən istifadə edə bilərsiniz. İngilis dilində qəzet, kitab və ya jurnal oxumağa çalışın. İlk dəfə gördüyünüz sözləri qeyd edin və mənalarını araşdırın. Sonra bu sözləri əzbərləyin. Əvvəlcə oxumaqda çətinlik çəksəniz belə, daim təkrarlasanız, hər gün daha yaxşı oxumağa və anlamağa başlayacaqsınız.
9. Podkastlara qulaq asın
Podkastın təxminən 15-20 illik tarixçəsi olsa da, son bir neçə ildə məşhurlaşıb. İngilis dilində podkastlara qulaq asmaq dili öyrənmənizə böyük töhfə verəcək. Podkastları dinləməklə siz nəinki yeni sözlər öyrənə, həm də sözlərin necə tələffüz edildiyini anlaya bilərsiniz.
10. İngilis dilini təkmilləşdirmək üçün mobil proqramlardan istifadə edin
Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən xoş şeylərdən biri də mobil proqramlardan istifadə etməkdir. Bunun üçün "Duolingo" kimi mobil proqramlardan istifadə edə bilərsiniz.
11. Mütləq lüğət alın
İngilis dilini evdə öyrənmək istəyən hər kəs mütləq lüğət almalıdır. Çünki lüğət oxumaq ingilis dilini öyrənməkdə çox faydalıdır. Bəzi lüğətlərdə sözlər misallarla verilir. Bu, yeni şeylər öyrənməyə və inkişaf etməyə imkan verir.
12. Sosial mediada ingiliscə məzmun paylaşan səhifələri izləyin
Hər gün sosial mediada saatlarla vaxt keçiririk və bundan həzz alırıq. Bəs, sosial mediaya baxarkən ingilis dilini öyrənməyə nə deyirsiniz? Əslində, bu olduqca asandır. Sizə maraqlı olan ingiliscə məzmunu paylaşan səhifələri izləmək və onların yazılarını oxumaq kifayətdir. Beləliklə, hər gün yeni sözlər və ifadələr öyrənə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!