Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mayamidə keçirilən qiymətli metallar sənayesi tədbirində aparılan sorğunun nəticələrinə görə, qızılın qiymətində ciddi artım gözlənilir.
Banco.az Bloomberg-ə istinadla xəbər verir ki, London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvləri qızılın qiymətinin 2025-ci ilin oktyabr ayının sonuna qədər 2,917.40 dollara çatacağını proqnozlaşdırır. Bu rəqəm hazırkı səviyyədən təxminən 10% daha yüksəkdir.
Treyderlər, istehsalçılar və sənaye nümayəndələri arasında keçirilən iki günlük tədbirdə qızılın 2025-ci ildə ən effektiv aktivlərdən biri olacağına dair nikbin gözləntilər bildirilib. Qiymətlərin artımı qızılın təhlükəsiz sığınacaq, diversifikasiya vasitəsi və mərkəzi bankların aktiv alışlarında populyarlaşması ilə əlaqələndirilir. Qızılın sonuncu zirvə qiyməti ABŞ Federal Ehtiyat Sistemi tərəfindən həyata keçirilən yumşaq pul siyasəti fonunda 2,850 dolları keçmişdi.
Hazırda qızılın bir unsiyasının qiyməti 2,663.30 dollardır. Ekspertlərin fikrincə, qızılın qiymətinin artımına geosiyasi gərginliklər, inflyasiya, aşağı faiz dərəcələri və mərkəzi bankların qızıl ehtiyatlarını artırması kimi faktorlar təsir göstərir. Onlar bildirirlər ki, qlobal iqtisadi qeyri-müəyyənliklər dövründə qiymətli metallar etibarlı investisiya vasitəsi kimi qəbul edilir və bu da onların dəyərinin yüksəlməsinə səbəb olur.
Dünya bazarındakı dəyişikliklər Azərbaycana idxal edilən və yerli istehsal olunan qızıl məmulatlarının qiymətlərinə də təsir edir. Ekspertlər yerli bazarda bahalaşmanın davam edəcəyini və yaxın aylarda qızılın bir unsiyasının qiymətinin 3,000 ABŞ dollarına qədər yüksələcəyini proqnozlaşdırırlar.