Müəllif: Mehin Qasımova, Banco.az
Zəfər Məmmədov: “Qərarlarınızı başqalarının fikrinə görə deyil, öz düşüncələriniz və obyektiv analizləriniz əsasında verin. Bu, uğurlu biznesin açarıdır”.
Bu sözləri Banco.az-a müsahibəsində sahibkar, hüquqşünas, memar, "Zaferoğlu” inşaatın qurucusu Zəfər Məmmədov deyib.
Qeyd edək ki, Zəfər Nadir oğlu Məmmədov 30 may 1982-ci ildə Gəncə şəhərində anadan olub. O, Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı və 18 saylı orta məktəblərdə təhsil alıb. Məmmədov 1999-2003-cü illərdə Odlar Yurdu Universitetinin hüquq fakültəsində bakalavr, 2003-2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. Həmçinin o, 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) memarlıq fakültəsinə daxil olub və 2016-cı ildə oranı bitirib. Məmmədov 2006-cı ilin sonlarında “Gəmiqaya-ZMH” adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2010-cu ildə “Zaferoğlu” inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir. “Zaferoğlu” şirkəti Zəfər Məmmədovun rəhbərliyi ilə təmir və dizayn nominasiyası üzrə London, Nyu-York və Dubay kimi nəhəng biznes mərkəzlərində dünyamiqyaslı mükafatlara layiq görülüb.
Zəfər Məmmədovla olan müsahibəni sizə təqdim edirik:
– Zəfər bəy, deyirlər, uğurlu insan olmaq üçün uğursuzluqlardan keçməlisən. Yüksəkliyə aparan yol asan olmur. Bu fikirlə razısınızmı?
– Hər kəs kimi mənim də yolum asan olmayıb. Qarşılaşdığım çətinliklər və problemlər təbii ki, qaçılmaz idi. Ancaq bu çətinliklər məni daha güclü etdi. Hər bir maneə təcrübə olaraq həyatımıza əlavə olundu. Şükürlər olsun ki, bütün bu sınaqları uğurla keçib, bu günlərə çatmışıq. Həyatımdakı bu yolculuq mənə yalnız irəliyə baxmağı və daha böyük hədəflərə çatmağı öyrətdi.
– Sizcə, şans, yoxsa zəhmət?
– Bu, həqiqətən də maraqlı bir sualdır. Şans, yoxsa zəhmət? Mənim fikrimcə, zəhmət daha vacib və üstün mövqedədir. Hər bir böyük uğurun arxasında ağır zəhmət, fədakarlıq və əzm dayanır. Şübhəsiz ki, bəzi anlarda şans da rol oynaya bilər, amma uzunmüddətli uğur üçün şansdan daha çox davamlı zəhmət və iradə lazımdır. İnsan nə qədər çox çalışırsa, o qədər də “şanslı” olur.
Çətin anlarda, ətrafında olan insanların sayı azalır, hər kəs öz yoluna gedir və çox vaxt insan özünü tənha hiss edir. Belə zamanlarda, sənə həmişə dəstək olan, səni qoruyan və inkişafına kömək edən qüvvənin Allah olduğuna inanıram. O, hər zaman dualarını qəbul edən və insana doğru yolda irəliləmək üçün güc verən yeganə dayağındır.
– İddiasız uğur qazanmaq çətindir. İddialı insansınız?
– Kənardan sakit görünə bilərəm, amma iddialı insanam. Əvvəlcə nə istədiyimizi dəqiq bilməli və həmin məqsədə çatmaq üçün güclü iddiamız olmalıdır. Bu iddia ilə irəliləyərək məqsədlərimizə doğru hərəkət edirik. Sakit xarakterimin əsas səbəbi təmkinli olmağımdır. Aqressiyanı mümkün qədər idarə edir və insanlarla ünsiyyətdə balanslı olmağa çalışıram. Qarşıma çıxan hər hansı bir problemi əvvəlcə düşünür, dərin analiz edir, sonra isə diqqətlə cavablandırıram. Bu yanaşma, həm şəxsi, həm də peşəkar həyatımda uğura aparan əsas təməllərdən biridir.
– İxtisasınız hüquqşünasdır. Bir hüquqşünas üçün biznesdə irəliyə getmək asandır,yoxsa çətin?
– Bəli, mənim ilk ixtisasım hüquqşünasdır. Biznes sahəsində fəaliyyət göstərərkən, hüquqşünas olmaq mənə böyük üstünlük verir. Çünki hüquqi yanaşmalar və qanunları dəqiq bilməsək, atdığımız addımları düzgün analiz edə bilməsək, bu, ciddi problemlərə səbəb ola bilər və inkişafı əngəlləyər. Mənim fikrimcə, iş adamının bilməli olduğu ən vacib sahələrdən biri hüquq, digəri isə mühasibatlıqdır. İş adamı qanunları düzgün bilməli, atdığı addımları qanuni baxımdan doğru hesablamalı və maliyyə məsələlərinə diqqət yetirməlidir. Bu iki sahə ilə düzgün yanaşma olduqda, inkişaf daha asan və uğurlu olur.
– Azərbaycanda tikinti sahəsində öz sözünü deyən “Zaferoğlu” inşaat bu gün nə ilə fərqlənir?
– “Zaferoğlu” inşaatın ən böyük üstünlüyü artıq 15 ildir ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərməsidir. Mənim fikrimcə, bu, ən vacib göstəricilərdən biridir. Araşdırmalara baxdıqda, yeni yaradılan şirkətlərin təxminən 90%-nin 15 il ərzində fəaliyyətini dayandırdığını görə bilərik. Bunun əsas səbəbləri arasında düzgün strategiyanın qurulmaması, tərəfdaşlarla uyğun ünsiyyətin aparılmaması və ən əsası, verilən vədlərə və öhdəliklərə sadiq qalmamaq durur. Biz isə hər zaman tərəfdaşlarımızla düzgün və şəffaf ünsiyyət qurmağa, onları dinləməyə və hərəkətlərimizdə balanslı və düşünülmüş siyasət izləməyə çalışmışıq.
– Şirkətin bugünkü səviyyəyə yüksəlməsinin sirri nədir?
– Azərbaycanda tikinti və digər istənilən sahədə uğurlu iş qurmaq üçün ilk növbədə düzgün analizdən başlamaq vacibdir. Çünki analiz düzgün aparılmadıqda qurulan biznes qısa müddətdə uğursuzluğa düçar ola bilər. Buna görə də, ilk növbədə hərtərəfli analiz aparılmalı və bazarın tələbatı ilə təklifini diqqətlə qiymətləndirməliyik. Bazarın mövcud vəziyyətini nəzərdən keçirdikdən sonra, hansı payı ələ keçirə biləcəyimizi müəyyən etməli və strategiyamızı bu nəticələr əsasında formalaşdırmalıyıq. Fikrimcə, ən əsas və vacib məqamlar bunlardır: Dəqiq analiz, bazarın tələblərinə uyğunlaşma və düzgün strategiya qurulması.
– Ölkəmizdə sahibkarlıq subyektlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu gün sahibkarların daha hansı dəstəyə ehtiyacı var?
– Ölkəmizdə sahibkarlığın inkişafı üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Məsələn, Sahibkarlığa Dəstək Fondu tərəfindən sahibkarlara 5-4%-lə güzəştli kreditlər verilir. İşğaldan azad olunmuş ərazilərdə istehsalat müəssisələrinin qurulması halında daha böyük güzəştlər təklif olunur. Bu güzəştlər gömrük rüsumlarından azadolma, əmək haqqı dəstəyi, icarə haqqı güzəştləri və sair sahələri əhatə edir. Lakin bu dəstəklər tam yetərli deyil. Bunun əsas səbəblərindən biri sahibkarlığın inkişafı üçün sadəcə maddi dəstəyin yetməməsidir. Dövlət müəssisənin yaranmasından sonra da sahibkarın fəaliyyətini diqqətlə izləməli, problemləri dərhal həll etmək üçün kömək göstərməlidir. Biz Gəncədə “LED” lampa istehsalı müəssisəsini qurduq, lakin orada istədiyimiz nəticəni əldə edə bilmədik və müəssisənin inkişafı üçün böyük əmək sərf edirik.Yeni yaradılan müəssisə bir körpəyə bənzəyir və onun “reanimasiyadan” çıxması üçün dövlətdən diqqət və qayğı tələb olunur. Müəssisə öz xərclərini ödəməyə başlamadan əvvəl ona davamlı dəstək göstərilməlidir. Əks halda, ölkədə zavod və fabriklərin inkişafına nail olmaq çətin olacaq. Yalnız sistemli və davamlı dəstək ilə sənayenin sürətli inkişafını təmin etmək mümkündür.
– Qeyd etdiyiniz kimi, ilkə imza ataraq “LED” lampa istehsalı zavodu yaradıbsınız. Bu gün həmin zavodun fəaliyyəti qənaətbəxşdirmi?
– Bəli, biz ölkəmizdə ilk “LED” lampa istehsal müəssisəsini yaratdıq, lakin hazırda müəssisənin inkişafında müəyyən çətinliklərlə üzləşirik. Gəlin, bu problemləri daha detallı izah edim. İlk növbədə, bizim istehsal etdiyimiz məhsullar Azərbaycan bazarında çox aşağı qiymətlərə Çin məhsulları ilə rəqabət aparır. Burada maraqlı bir sual yaranır: Çinlə yol xərcləri və gömrük rüsumlarını da nəzərə aldıqda, həmin məhsulların bazarda bu qədər ucuz qiymətə satılması əslində mümkün deyil. Lakin hansısa bir yolla bu məhsullar ölkəyə gətirilir və ucuz qiymətə satılır. Bu, əsas problemlərimizdən biridir. İkinci, əsas məsələ isə dövlət müəssisələrinin “LED” lampaları alarkən təşkil etdiyi tenderlərlə bağlıdır. Təəssüf ki, bu tenderlərdə “LED” lampaları digər kargüzarlıq ləvazimatlarının içində təklif olunur. Bu səbəbdən, bizim tenderlərdə qalib olma şansımız azalır, çünki tenderlərə qatılmaq üçün geniş çeşidli kargüzarlıq ləvazimatları satmalı oluruq, halbuki zavodumuz yalnız “LED” lampaların istehsalı ilə məşğuldur.
Müəssisələr yaradılırsa, dövlətin təşkil etdiyi tenderlərdə yerli istehsalçılara üstünlük verilməsi vacibdir və tenderlərdə məhsullar ayrıca kateqoriyalar üzrə çıxarılmalıdır. Yerli məhsullara dəstək verilməlidir, xüsusilə də bizim müəssisə kimi “LED” lampa istehsalçıları üçün, çünki biz məhsulumuza zəmanət də veririk. Bu üstünlük isə bazarda yalnız bizim məhsula aiddir.
Beləliklə, ölkədə istehsal sahələrinin inkişafı üçün dövlət dəstəyi və yerli istehsalın təşviqi əsas faktorlar olmalıdır.
– Digər sahibkarlardan fərqli olaraq siz paytaxtda yox, Gəncədə öz fəaliyyətinizi genişləndirməyə səy göstərirsiniz. Bölgələrdə biznesin inkişafı üçün hansı addımlar atılmalıdır?
– Biznes qurmaq və inkişaf etdirmək paytaxtda daha əlverişli və uğurlu olur. Bunun əsas səbəbi paytaxtda infrastrukturun daha inkişaf etmiş olması, resursların və işçi qüvvəsinin daha əlçatan olmasıdır. Lakin biz istehsalımızı qurarkən paytaxt əvəzinə regionları seçməyin üstünlüyünü düşünürük. Bunun səbəbi isə regionlarda işsizlik səviyyəsinin daha yüksək olması və regionlarda müəssisələrin açılmasına daha böyük ehtiyacın yaranmasıdır. Bu baxımdan, regionların inkişafına öz töhfəmizi vermək istəyirik.
Ancaq regionlarda inkişaf etməyin çətinliklərini təcrübədən görmüşük. Bakıda müəssisə qurularkən onun inkişafı daha asan və az əmək tələb edir. Regionlarda isə problemlərin həlli daha mürəkkəbdir və daha çox vaxt aparır. Regionlarda infrastrukturun yetərsizliyi, işçi qüvvəsinin çatışmazlığı və logistika məsələləri kimi faktorlar bu prosesləri çətinləşdirir.
Buna baxmayaraq, biz hesab edirik ki, regionların iqtisadi inkişafına dəstək vermək strateji əhəmiyyət kəsb edir və bu çətinliklərə baxmayaraq, davamlı şəkildə fəaliyyətimizi regionlarda genişləndirməyi planlaşdırırıq. Regionların iqtisadi güclənməsi həm ölkə üçün, həm də sahibkarlar üçün uzunmüddətli perspektivdə əhəmiyyətli nəticələr verə bilər.
– Bu il sizin üçün necə il oldu?
– 2024-cü il üçün əsas hədəfimiz indiyə qədər qoruyub saxladığımız standartları ən yüksək səviyyədə davam etdirmək və onlara yeniliklər əlavə etməkdir. Düzdür, 2024-cü il düşündüyümüz qədər uğurlu olmadı və bir sıra çətinliklər və maneələrlə üzləşdik. Lakin biz gələcək illərin daha uğurlu olacağına inanırıq və bu məqsədə çatmaq üçün lazımi addımlar atmaqdayıq. İrəliyə baxaraq, inkişafımızı davam etdirmək və çətinlikləri fürsətə çevirmək üçün əzmkarlıqla çalışırıq.
– Yeni biznesə başlayan gənclərə hansı tövsiyələri verərdiniz?
– Biznesə başlayan gənclərə bir neçə vacib tövsiyəm var. İlk növbədə, hər hansı bir işə başlamazdan əvvəl düzgün analiz aparmaq lazımdır. Analizin nəticəsinə əsaslanaraq, həmin biznesi qurmaq və ya qurmaqdan imtina etmək qərarı verilməlidir. Bu, uğurlu başlanğıcın təməlidir. İkincisi, əlində olan investisiyanı işə yatırdıqdan sonra əldə olunan vəsaitin şəxsi deyil, dövriyyə vəsaiti olduğunu unutmamalıdırlar. Biznesə gələn hər gəliri xərcləmək olmaz. Bu, gənclərin tez-tez etdiyi səhvlərdən biridir. Unutmaq olmaz ki, əldə olunan pulların böyük hissəsi biznesin davamlılığı və inkişafı üçün istifadə olunmalıdır. Üçüncü və ən önəmli tövsiyələrimdən biri maliyyə idarəçiliyinə xüsusi diqqət ayırmaqdır. Əgər maliyyə savadı kifayət qədər deyilsə, mütləq peşəkar maliyyəçi ilə işləmək lazımdır. Çünki bizneslərin çöküşünün əsas səbəblərindən biri düzgün maliyyə idarəçiliyinin olmamasıdır. Dördüncü tövsiyəm, işə dostlar və tanışlar yerinə, sahəsində peşəkar olan işçiləri cəlb etməkdir. Uğurlu komandanın təməli məhz bu amillə qoyulur. Son olaraq, kimliyindən asılı olmayaraq hər deyilənə inanmaq əvəzinə, hər bir məsələni özünüz şəxsən analiz edin. Qərarlarınızı başqalarının fikrinə görə deyil, öz düşüncələriniz və obyektiv analizlər əsasında verin. Bu, uğurlu biznesin açarıdır.
- Səmimi müsahibə üçün təşəkkür edirəm, Zəfər bəy!
- Mən, təşəkkür edirəm!