Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanov ilə müsahibə:
Hörmətli Heydər bəy, bugünkü müsahibəmizdə kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün “PAŞA Bank”ın təqdim etdiyi xidmət və maliyyə alətlərinin, o cümlədən bizneslərin səmərəli idarə olunmasında rəqəmsal faktorinq məhsulunun faydaları və onun əhəmiyyətinə nəzər salacağıq. Bu məhsul hansı növ bizneslər üçün nəzərdə tutulur və başqa maliyyə alətlərindən hansı üstünlükləri ilə seçilir?
Faktorinq məhsulu xidmət göstərən və ya məhsul istehsal edib iri şirkətləri və şəbəkələri təchiz edən biznes növləri üçün rahat maliyyəşmə növüdür. Bu məhsulun digər maliyyə alətlərindən üstünlüyü onun girovsuz, maliyyə analizi olmadan, ən sərfəli illik faiz dərəcəsi ilə müştərilərə təqdim edilməsidir. Bununla biznes sahibləri malı, xidməti təqdim etdikdən dərhal sonra qaiməni “PAŞA Bank”a yönəltməklə, alıcılarından gözlədikləri vəsaiti daha qısa müddətdə əldə edə bilirlər. Bu məhsuldan əczaçılıq, qida, kənd təsərrüfatı, tikinti, yükdaşıma sektoru, mehmanxana və restoran şəbəkələrinə mal və ya xidmət təchiz edən şirkətlər yararlana bilər.
Ümumi olaraq, faktorinq nağd pul axınını idarə etmək və inkişaf etdirmək üçün əhəmiyyətli maliyyə alətidir. Faktorinq debitor borclardan azad olaraq dərhal pul qazanmağa imkan verir, bu da nağd pul dövriyyəsini tənzimləyir və likvidliyi təmin edir. Bu maliyyə aləti əlavə borc götürmədən işlək kapitala çevik çıxış imkanı yaradır ki, bu da öz növbəsində əməliyyat xərclərini ödəmək və inkişafı təmin etmək üçün çox mühümdür. Faktorinq xidməti sayəsində, bizneslər daha çox əməliyyatlara və inkişaf strategiyalarına fokuslanırlar.
Bu məhsul digər maliyyə alətləri ilə müqayisədə likvidliyin artırılması və borc ödənişlərinin yönləndirilməsi proseslərini əhəmiyyətli dərəcədə asanlaşdırır. Əlavə olaraq, bank maliyyələşdirilmiş qaimələrin alıcı tərəfindən vaxtında ödənilməsini də nəzarət altına alır; bu isə digər kredit növlərində mövcud olmayan bir xüsusiyyətdir. Faktorinq ənənəvi kredit xəttlərindən daha çevik və KOS-lar üçün daha əlçatan olur, çünki maliyyələşdirmə birbaşa satış gəlirlərinə əsaslanır və biznes vasitəsilə inkişaf edə bilir. Azərbaycan bazarında bu xidmətin bizneslərə təqdim etdiyi üstünlükləri daha geniş tanıtmaq və maarifləndirmə tədbirlərini artırmaq böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, “PAŞA Bank”ın innovativ faktorinq məhsulu KOS biznesləri üçün ideal seçimdir.
Bazarda rast gəlinən qaimələrin (invoysların) maliyyələşdirilməsi kimi xidmətlə faktorinq arasında fərq nədir?
Qaimələrin maliyyələşdirilməsi çox vaxt kredit xətti ilə həyata keçirilir, burada borc ödənişləri kredit xətti üzrə aparılır. Faktorinq məhsulu isə konkret təqdim edilən qaimələrin məbləği əsasında maliyyələşdirmə təmin edir və ödənişlər həmin qaimələr üzrə vəsait gəldikdə həyata keçirilir.
Kreditlərdə əsas və faiz ödənişləri hər ay (annuitet tipli) aparılır, bu isə maliyyə istifadəsini məhdudlaşdırır. Faktorinqdə ödənişlər qaimələr əsasında həyata keçirilir, bu da daha çevik maliyyə idarəsini təmin edir. Ənənəvi kreditlərdə isə əlavə sənəd və müraciət prosesləri tələb olunur. Bu məhsul ödənişlərin vaxtında edilməsi üçün nəzarət və dəstək təqdim edir; bu xüsusiyyət ənənəvi kreditlərdə çox vaxt olmur. Faktorinq müştəri ilə bağlanmış müqaviləyə əsaslanır, bu da onu satışlarla əlaqəli maliyyələşdirmə baxımından daha uyğun edir.
Bu fərqlər faktorinq məhsulunun daha rahat və müştəri dostu olduğunu göstərir, eyni zamanda ənənəvi kreditlərdən daha sürətli və səmərəli maliyyələşdirmə imkanı təmin edir.
Bu məhsuldan müştəri necə istifadə edə bilər və onun istifadəsi üçün hər hansı sənəd tələb olunurmu?
Məhsuldan istifadə çox rahatdır - hər bir sahibkarın ASAN və ya SİMA elektron imza vasitəsilə mal və xidmət təchiz etdiyi müştərisi ilə bağladığı müqaviləni təqdim etməsi kifayətdir. Ona əsasən müştəri maliyyələşməni (vəsaiti) əldə edə bilər.
Bildiyim qədər, Azərbaycanda yalnız “PAŞA Bank” rəqəmsal faktorinq xidməti təklif edir ki, bu da sahibkarın dəyərli vaxtının əhəmiyyətli qənaətinə gətirib çıxarır.
Nəinki Azərbaycanda, hətta MDB ölkələri arasında rəqəmsal faktorinq məhsulunu yalnız “PAŞA Bank” təqdim edir. Sahibkarlar üçün müraciət prosesi çox sadədir - müştəri onlayn banka daxil olaraq ona hansı sənədlərin lazım olduğunu aydın şəkildə görür, bütün tələb olunan sənədlər əlavə edildikdən sonra sorğu aktivləşdırilir. Müştəri bütün sonrakı mərhələlər barədə ətraflı məlumatlandırılır.
Rəqəmsal faktorinq bu kimi yenilikçi həllər təklif edir ki, nəticədə də müştəri kağız sənədlər daşıyaraq artıq banka gəlməli olmur. Müştəri SİMA rəqəmsal imzadan istifadə edərək sənədləri imzalayır və əlavə edir. Bu da, bir çox müştərilərə bu istiqamətdə əlverişli bir şərait yaradır. Hətta, növbəti mərhələdə sənədlər təsdiqlənmək üçün alıcıya da göndəriləndə müştəri bunu onlayn görə bilir.
Ölkəmizdə təchizat zəncirinin maliyyələşdirilməsi sahəsində faktorinq xidmətinin genişləndirilməsi ilə bağlı hansı planlar var?
Hazırda təchizat zəncirinin maliyyələşdirilməsi təcrübəsinin artırılmasına dair bir çox layihələr və təşəbbüslər həyata keçirilir. İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) və digər qurumlar bu sahənin inkişafında maraqlıdır. Bu təşəbbüslərin reallaşdırılmasında və ölkədə real sektorun, o cümlədən KOS seqmentinin inkişafı istiqamətində “PAŞA Bank” fəal iş aparır. Bu məqam beynəlxalq səviyyədə də öz təsdiqini tapıb və bu yaxınlarda KOS seqmentinin inkişafına verdiyi dəstəyə görə Bank beynəlxalq “Euromoney” nəşri tərəfindən nüfuzlu mükafata layiq görülüb.
Faktorinq maliyyə alətinə gəldikdə isə, burada bizim əsas məqsədimiz təchizat zəncirinin maliyyələşdirilməsi sahəsinin nəinki “PAŞA Bank”da, ümumiyyətlə ölkədəki bütün banklarda inkişafını təmin etməkdir və hətta qeyri-bank sektoruna, fintech şirkətlərə də şamil edə bilməkdir. Bundan başqa, “PAŞA Bank” hər bir məhsul və xidmətinin müştəri üçün maksimum rahat və rəqəmsal olması üçün əlindən gələni edir. Bank hər bir müştərinin zamanını yüksək dəyərləndirir və onların xidmətlərdən daha operativ yararlanmasını təmin etmək üçün fəaliyyətini davam etdirir. “PAŞA Bank” müştərinin yalnız xidmətlərini təqdim edən bir bank deyil, eyni zamanda biznesin qarşılaşa biləcəyi hər cür çağırışlarla birlikdə mübarizə aparan etibarlı və dayanıqlı tərəfdaşdır. Bu yanaşma, müştərilərin bizneslərini daha sağlam və güclü bir şəkildə idarə etmələrini təmin edir.
“PAŞA Bank”ın faktorinq xidməti ilə bağlı ətraflı və maraqlı müsahibəyə görə təşəkkür edirəm. Bizneslərin inkişafını dəstəkləyən bu cür müasir maliyyə həlləri təqdirəlayiqdir. Ümid edirik ki, bu xidmət bir çox şirkətlər üçün yeni perspektivlər açacaq və iqtisadi inkişafı daha da sürətləndirəcək. “PAŞA Bank”a bu mühüm fəaliyyətində uğurlar arzulayıram.