Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda son günlərdə toyuq filesinin qiymətində artım müşahidə olunur. Ümumiyyətlə, bəzi marketlərdə file ya tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.
Bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı hətta 10 manata qədər yüksəlib.
Bunun səbəbi nədir? Niyə marketlərdə file qıtlığı var?
İqtisadçı Natiq Cəfərli Banco.az-a bildirib ki, əgər qırmızı ətin qiyməti artırsa, paralel olaraq toyuq ətinin də qiyməti yüksəlir:
"Bunlar bir-biri ilə bağlı məsələlərdir. Çünki qırmızı ətin bahalaşması əhalini daha çox toyuq ətinə yönəldir və nəticədə ona olan tələb artır. Tələb artdığı halda təklif əvvəlki səviyyədə qalırsa, yəni istehsal artırılmırsa, təəssüf ki, qiymətlər yüksəlir".
Qeyd edək ki, bir neçə gün öncə mal ətinin də qiyməti artıb. Belə ki, həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb.
Qəssabların sözlərinə görə, sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi. Bahalaşmaya səbəb kimi isə malın az olması göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!
