Övladı məktəbə yeni başlayacaq valideynlər üçün 10 məsləhət | Banco.az

Övladı məktəbə yeni başlayacaq valideynlər üçün 10 məsləhət

Müəllif: Gülnar Əhmədli, Banco.az

Övladınızın məktəbə başlaması həm sizin, həm də onun həyatında mühüm mərhələdir. Bu prosesdə onun məktəbə doğru atdığı kiçik addımlar qədər ona necə rəhbərlik etdiyiniz də önəmlidir. Uşağınızın məktəbə uyğunlaşmasına kömək etmək üçün atdığınız hər addım onun bu yeni mühitə daha asan uyğunlaşmasına kömək edəcək. Məktəbə başlama prosesində həm fiziki, həm də emosional olaraq uşağınızın yanında olmaq, onun məktəb həyatına daha güclü başlamasına kömək edəcək. Hər bir valideynin övladı ilə münasibəti fərqlidir. Lakin hazırladığımız bu məsləhətlər övladı yeni məktəbə başlayacaq bütün valideynlərə faydalı ola bilər: 

1. Uşaqların narahatlıqlarını diqqətdə saxlayın

Uşağınızın məktəblə bağlı narahatlığı ola bilər. Onun narahatlığını anlamaq və diqqətlə dinləmək vacibdir. Onların beynindəki sualları cavablandırmaq üçün sadə və aydın dildə danışın. Bu yolda uşaqlara konkret nümunələr lazım ola bilər. Buna görə də, onların narahatlığını aradan qaldırmaq üçün mahnı oxumaq, şəkillər çəkmək və ya hadisələri canlandırmaq kimi üsullardan istifadə edə bilərsiniz.

2. Onların emosional ehtiyaclarını qarşılayın

Məktəb prosesində uşağınız həm müsbət, həm də mənfi emosiyalar yaşaya bilər. Həyəcan, xoşbəxtlik və ya narahatlıq kimi hisslər yeni bir mühitə girdikləri zaman ən yüksək həddə çatacaq. Uşağınızın özünü ifadə etməsinə şərait yaradın. Hisslərini sizinlə bölüşməyə təşviq edərək bu prosesdə ona dəstək ola bilərsiniz.

3. Gündəlik rejimlər yaradın

Daimi gündəlik rejimlər uşağınızın özünü təhlükəsiz hiss etməsinə səbəb olacaq. Səhər yeməyi, məktəbə hazırlıq, oyun vaxtı, yemək və yuxu vaxtları kimi fəaliyyətləri nizamlamaq uşağınızın məktəbə uyğunlaşmasına kömək edəcək. Siz, həmçinin onun telefonla keçirilən vaxtını azaltmaqla buna nail ola bilərsiniz.

4. Məsuliyyəti ona verməkdən çəkinməyin

Uşağınızın özü üçün məsuliyyət daşımasına icazə verin. Məktəb çantasının hazırlanması, nahar qutusunun daşınması kimi işlər onun müstəqilliyini və özünə inamını artıracaq. Həmçinin ona şəxsi gigiyena və digər bacarıqlarını təkmilləşdirmək imkanı verin.

5. Real gözləntilər müəyyənləşdirin

Uşağınız üçün məktəblə bağlı qeyri-real gözləntilər yaratmamağa diqqət edin. Məktəbin sadəcə oyun yeri olmadığını, dərslərin, qaydaların olduğunu izah etmək onların bu prosesə öyrəşmələrini daha asan edir. 

Ən sərfəli kredit üçün müraciət et

6. Digər uşaqlarla müqayisə etməkdən çəkinin

Uşağınızı digər uşaqlarla müqayisə etmək prosesi çətinləşdirə bilər. "Dostun ağlamır, sən niyə ağlayırsan?" - Bu kimi ifadələr yerinə onun hisslərini anlamağa və ona dəstək olmağa çalışmalısınız.

7. Öz məktəb təcrübənizi paylaşın

Unutmayın ki, bu dövrdə uşağınız özünü tənha hiss edə bilər. Bunun qarşısını almaq üçün siz öz məktəb xatirələrinizi və təcrübələrinizi bölüşə bilərsiniz. Bu, ona məktəbə daha müsbət baxmağa kömək edəcək.

8. Neqativ emosiyalar göstərməyin

Məktəbin ilk günündə tələskənlik və narahatlıq göstərməkdən çəkinin. Çünki uşağınız sizdən nümunə götürəcək və özünü pis hiss edəcək. Sakit və xoşbəxt bir rəftar nümayiş etdirərək, ona rahat hiss etməsinə kömək edə bilərsiniz.

9. Səbirli olun

Əgər uşağınız məktəbə getmək istəmirsə, ona niyə getməli olduğunu sakit şəkildə izah edin. 

10. Onu məktəbdə etdikləri barədə danışmağa məcbur etməyin

Uşağınız məktəbdən qayıdanda dərhal gününün necə keçdiyini soruşmaq əvəzinə ona vaxt verin. Müəllimlə danışaraq nəyə maraq göstərdiyini öyrənə və uşağınıza özünü ifadə etmək üçün asan yollar təklif edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et