Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın birinə qədər minimum əmək haqqının artırılması ilə bağlı müzakirələrin aparılması və məhz həmin tarixədək təkliflərin hökumətə təqdim ediləcəyi gözlənilir. Növbəti iki ay ərzində artıq Nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər təqdim olunacaq”.
Banco.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, minimum əmək haqqının nə qədər artırılması məhz həmin təkliflər təqdim olunduqdan sonra bəlli olacaq:
“Biz bu istiqamətdə öz təkliflərimizi təqdim etmişik. Biz müzakirələr zamanı 2023-cü ildə minimum əmək artırılandan sonra keçən müddətdə həm orta aylıq əmək haqqında artım faizi, həm də inflyasiya səviyyəsi nəzərə alınmaqla minimum əmək haqqının artırılması ilə bağlı qərarın verilməsini təklif edirik.
Güman edirik ki, bu hesablama nəticəsində minimum əmək haqqında daha yüksək artımların əldə edilməsinə və reallaşmasına gətirib çıxara bilər. Əgər növbəti iki ay ərzində bu qərar verilsə Nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra bu istiqamətdə müzakirələr aparılacaq”.
Vüqar Bayramov qeyd edib ki, onlar həm də minimum əmək haqqı, inflyasiya, eləcə də orta aylıq əmək haqqı artımları faizi nəzərə alınmaqla artımların həyata keçirilməsini təklif edirlər.