1 iyul 2013-cü il tarixindən etibarən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanın kapital bazarlarında istiqrazlarının ilk emissiyasını həyata keçirdi. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hər birinin nominal dəyəri 1000 AZN olmaqla 10 milyon AZN məbləğində, 3 il ödəmə müddəti ilə 10,000 istiqraz qeydiyyatdan keçirib.
Maliyyə vəsaitləri "FINCA Azerbaijan"ın 140 milyon manatdan çox biznes kredit portfelinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. "Bu mühüm əməliyyat yerli valyuta ehtiyatlarının artımını təmin etməklə bizim maliyyə mənbələrimizin diversifikasiyasına imkan yaradacaq və FINCA brendinin yerli maliyyə bazarlarında yüksəlməsinə təkan verəcəkdir.”- "FINCA Azerbaijan"ın Baş Maliyyə Direktoru Marko de Natale bildirib.
Qiymətli kağızların Bakı Fond Birjasında yerləşdirilməsində anderrayter rolunda “Pasha Bank” / “Pasha Capital” şirkəti çıxış edir. “Pasha Capital” istiqrazları institusional investorlar ilə yerləşdirməklə həmçinin təkrar bazarının likvidliyini gündəlik təmin edəcəkdir. “Pasha Bank”ın İdarə Heyətinin üzvü Taleh Kazımov deyib: "Bu, Azərbaycanın mikromaliyyə təşkilatı tərəfindən ilk ictimai emissiyadır və PAŞA Bank maliyyə icmasının yerli kapital bazarlarına çıxışı ilə inkişafa nail olmasına köməklik etməkdən məmnundur. "FINCA Azerbaijan"ın ən böyük və ən nüfuzlu BOKT olduğunu nəzərə alaraq bu layihə “Pasha Bank” üçün Azərbaycanın mikromaliyyə sektorunun inkişafına mühüm töhfədir”.
15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yaranma tarixindən bu günədək müştərilərinə 635 milyona yaxın ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 137,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük Mikro-maliyyə Təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.