Rusiya ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib | Banco.az

Rusiya ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib.

Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı və Rusiyadakı ABŞ-a məxsus aktivlərə qarşı atılacaq addımları ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Buna görə, ABŞ tərəfindən zərər görən hüquq sahibləri Rusiya məhkəmələrində iddia qaldıra bilərlər. ABŞ-ın, ABŞ-la əlaqəli şirkətlərin və ölkədəki fiziki şəxslərin aktivləri aşkar edilən zərərin ödənilməsi üçün istifadə edilə bilər.

Fərman hökumətə Rusiya Mərkəzi Bankına məxsus olanlar da daxil olmaqla, ABŞ-da dondurulmuş Rusiya aktivləri müqabilində Rusiyada istifadə oluna biləcək ABŞ aktivlərini müəyyən etmək səlahiyyəti verib.

Xatırladaq ki, ABŞ Senatı aprelin 24-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya göndərilməsini təsdiqləmişdi. İndiyə qədər isə Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini bloklayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram