Müəllif: Gülnar Əhmədli, Banco.az
İnsanların həyatında alış-veriş çox mühüm rol oynayır. Bəşəriyyətin nələrisə almaq istəyi isə günü-gündən artır. Bununla belə, istehlak vərdişləri də dəyişir. Ancaq alış-verişə gəldikdə bir şey sabit qalır, mağazalar insanları daha çox almağa təşviq etmək üçün əllərindən gələni edirlər. Bir çox mağaza insanları daha çox alış-verişə sövq etmək üçün ağlasığmaz psixoloji üsullardan və maraqlı marketinq strategiyalarından istifadə edir. Mağazalardakı bu psixoloji müharibədən xəbərsiz bir çox müştəri isə günün sonunda əslində ehtiyacı olmayan məhsullarla və boş pul qabı ilə evə qayıdır.
Bununla belə, bu ustalıqla hazırlanmış tələlərdən qaçmaq və pulumuza qənaət etmək mümkündür. Ehtiyacdan çox alış-verişin qarşısını almaq üçün mağazaların tətbiq etdiyi bəzi market hiylələrini təqdim edirik.
1. Böyük ticarət mərkəzlərindəki mağazaların dağınıq olmasının bir səbəbi var. Xüsusilə geyim mağazalarında. Təbii ki, onlarla işçisi olan nəhəng mağazalarda paltarlar rəflərinin səliqəli təşkili çox sadə işdir. Bununla belə, dağınıq rəflər müştəri ilə mağaza arasındakı psixoloji savaşın ən mühüm elementlərindən biridir.
Geyim mağazalarındakı bəzi keçidlər xüsusilə səliqəsiz saxlanılır, çünki mağaza sizi həm fiziki, həm də psixoloji cəhətdən narahat edən bu sıradan, daha nizamlı və səliqəli görünən rəflərə yönəltmək istəyir. Təbii ki, mağazanın yönləndirdiyi sıradakı məhsullar dağınıq koridorlardakı məhsullardan qat-qat baha olur.
2. Müştərilər alış-verişlərini "gör, hiss et, yoxla, al" prinsipi əsasında həyata keçirirlər. Bu o deməkdir ki, iş mağazanın vitrinlərindən başlayır. Bir mağazanın sizdə xoş təəssürat yaratmaq üçün cəmi 3,4 saniyəsi var, ona görə də vitrinlər həmişə gözqamaşdırıcı olur.
3. Vitrin manekenləri mağazanın ab-havasını əks etdirmək üçün seçilir. Bəzi mağazalarda manekenlərin üzü, hətta başı olmur. Bu isə insanları mankenin üzünə baxmaq əvəzinə paltara baxmağı təşviq edir. Bu da üzə baxarkən 0,8 saniyənin itirilməsinin qarşısı alır.
4. Lüks mağazalarda səslənən asta ritmli və sakitləşdirici mahnılar və ya gənclərə yönəlmiş mağazalarda səsləndirilən daha aktual, yüksək ritmli musiqi sizi daha uzun müddət içəridə saxlamağı hədəfləyir.
5. Bir mağazadakı məhsulların tərtibatını dəyişdikdə, onun məqsədi sizi adətən ziyarət etmədiyiniz bölmələrə baş çəkməyə və alış-veriş etməyə təşviq etməkdir.
6. Bilməli olduğunuz alış-veriş faktlarından biri də mağazalarda gigiyena standartlarının çox da yüksək olmamasıdır. Bu səbəblə satın aldığınız tekstil məhsullarını istifadə etməzdən əvvəl yumaqda fayda var.
7. Daha çox satmaq üçün satıcılara güclü təzyiqlər olur. Buna görə də, satıcı çox güman ki, sınadığınız məhsulun sizə çox uyğun olduğunu söyləyəcək və məhsulu almağa təşviq edəcək. Belə bir vəziyyətlə qarşılaşdığınız zaman həqiqətən o məhsula ehtiyacınız olub olmadığını bir daha düşünmək büdcəniz üçün son dərəcə faydalı olacaq.
8. Qiyməti yüksək olan məhsullar göz səviyyəsində nümayiş etdirilir, daha ucuz məhsullar isə aşağı rəflərdə yerləşdirilir. Hətta döşəmələrdə rənglərin və ya materialların yaratdığı fərqlər də mağazanın ətrafında gəzən şəxsin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.
9. Düz səthlərdə nümayiş etdirilən məhsulların satın alınma ehtimalı daha yüksəkdir. Bu görə də, bir çox mağazalar düz masalarda tekstil və ayaqqabı məhsulları nümayiş etdirir. Bunun səbəbi məhsullara toxunmağınızı və beləliklə də məhsulla əlaqə qurmağınızı təmin etməkdir.
10. Həmişə “bağlanırıq” yazılan mağazalar aylarla fəaliyyət göstərir və hətta ümumiyyətlə bağlanmır. Və ya mağazalarda “son məhsul” yazılan məhsullar heç vaxt bitmir. Bir mağazada “son məhsul” mesajını görürsünüzsə, sizə oynanan oyun satış hiyləsidir. Bu mesajı görən insanlar “bunlar ən son məhsullardır, mütləq endirim var” düşüncəsi ilə mağazaya girib alış-veriş edirlər. Amma nə məhsullar qurtarır, nə də mağazalar bağlanır.
11. “Alış-veriş elmi” kitabının müəllifi Pako Anderhill deyir ki, siz bir mağazada öz seçiminizlə hərəkət etdiyinizi düşünə bilərsiniz, əslində isə şüurlu şəkildə idarə olunursunuz. Anderhillə görə, dizaynerlər çoxmərtəbəli mağazaların içərisində mini mağazalar şəklində məhsulları sıralayır və yol boyu sizi ən bahalı məhsullar sırasına apararaq hər şeyi görməyə şərait yaradırlar. Daha dəbdəbəli və ya bahalı məhsullar elə yerləşdirilib ki, siz əsas məhsullara doğru hərəkət edərkən onları görə biləsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!