Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması üçün 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib.
Banco.az-ın məlumatına görə, bu açıqlamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir vurğulayıb ki, 2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard ABŞ dolları idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard ABŞ dolları təşkil edib.
2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100,7 milyard ABŞ dolları olub.
Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 % artıb. Regioanlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.
Millət vəkili Cavid Osmanov Banco.az-a açıqlamasında Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək bildirib ki, sahibkarlığın inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib:
“Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin təxminən 80 faizi məhz regionların payına düşür”- deyə, Cavid Osmanov qeyd edib.
Son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar barədə iqtisadçı Elçin Rəşidov Banco.az-a açıqlama verib.
Ekspert deyir ki, Azərbaycanda əlverişli biznes mühiti təkmilləşdirilməsi mühiti həm makro, həm də mikro faktorlardan asılıdır:
“Burada makro faktorlar daha önəmlidir. Yəni onların fonunda mikro faktorlar süni nəfəs rolu oynayır. Makro faktorlar yerində olmadıqca mikro faktorlar elə bir ciddi əhəmiyyət daşımır. Bu da Azərbaycanda biznes mühitinin inkişafına təsir edən indikatorlardandır. Makro faktorlar dedikdə bunlardan birinci monetar rejim nəzərdə tutulur. Azərbaycanda hal-hazırda büdcə və bütün iqtisadiyyat Neft Fondundan transferlərdən asılıdır. Bu da dolayısı ilə həm də ölkədə mövcud monetar rejimi şərtləndirir. Sadaladığım makro faktorlar eyni zamanda makroiqtisadi faktorlardır. Qeyd edim ki, makro faktorlar təkcə makroiqtisadi faktorlarla məhdudlaşmır, onlar eyni zamanda hüququn aliliyinin təmin olunmasına da çalışır”.
Ölkədə investisiya mühitinin daha da yaxşılaşdırmalı qənaətində olan ekspert vurğuladı ki, xarici və yerli olmasından asılı olmayaraq biznes fəaliyyətinin göstərilməsi üçün biznes mühitinin təkmilləşməsi digər islahatlarda olduğu kimi piramida sxemi üzrə baş verməlidir:
“Bildiyiniz kimi, Milli Məclisdə Rəqabət Məcəlləsi müzakirə olunur. Məcəllədə olan bəzi qüsurlar barədə də fikirlər səsləndirildi. Hesab edirəm ki, gələcəkdə bu qüsurlar aradan qaldırıla bilər.Ümumiyyətlə, yeni qaydaların, qanunların tətbiqi üçün müvafiq kadr dəyişikliyi baş verməlidir. Nəticədə, bu dəyişikliklərə hazır olmayanlarla artıq rəqabət baş verəcək. Düşünürəm ki, tək Rəqabət Məcəlləsi formasında yox, bütövlükdə bütün biznes mühiti yaxşılaşdırmaq formasında özünü göstərəcəkdir”
Bizi sosial şəbəkələrdən izləyin!!