Çıxarışı olmayan qeyri-yaşayış obyektlərinin sənədləşməsinə başlanılır – Ekspert rəyi | Banco.az

Çıxarışı olmayan qeyri-yaşayış obyektlərinin sənədləşməsinə başlanılır – Ekspert rəyi

Müəllif: Gülbəniz Hüseynli /Banco.az

“Çıxarışı olmayan əmlak sahibləri bank kreditləri götürəndə, natural müqavilələr bağlanan zaman bir çox problemlər yaşayırlar. Çünki onların əmlakları üzərində mülkiyyət hüququnun formalaşmasını təsdiq edən sənəd olmurdu. İndi bu məsələ öz həllini tapacaqdır”.

Bu fikirləri Banco.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Hazırda on mindən çox sənədsiz qeyri-yaşayış obyekti  olduğunu vurğulayan ekspert bildirdi ki, istər yaşayış, istərsə də qeyri-yaşayış sahələri olsun onların sənədi yoxdursa vergiyə də cəlb oluna bilmirlər.

“Bu sahədə yaranmış yenilik həmin əmlaklar üzərində mülkiyyət hüququnun formalaşdırmaqla bərabər əmlak sahiblərinə həm bankdan girov pul götürmək imkanı verəcək, həm də  rəsmi formada alqı-satqı və digər şəxslərə satmaq şəraiti yaradacaq”.

Xarici investorların  Azərbaycanın daşınmaz əmlak sahəsinə, xüsusən də qeyri-yaşayış obyektlərinə maraqlarının böyük olduğunu ifadə edən ekspert vurğuladı ki, məhz həmin daşınmaz əmlakların sənədlərinin olmaması alqı-satqı və investisiya qoyulması baxımından ciddi problem yaradırdı:

“Çünki xarici səhmdarların həmin əmlakları ala bilmələri üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd lazım idi. Amma indi sənədləşmə məsələləri həll edildikcə xarici ölkə vətəndaşlarının əmlak sektoruna maraqları da çoxalacaqdır. Düşünürəm ki, yaxın gələcəkdə sənədsiz fərdi evlərlə bağlı belə bir addım atılarsa, bu sahədə ölkə iqtisadiyyatının inkişafına təkan verməklə bərabər həmçinin dövlət büdcəsinə də böyük gəlirlər gətirəcəkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkə Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş, 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsinə başlayıb. Məlumata görə tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaların sahibləri mülkiyyət sənədi əldə etmək üçün 1 yanvar 2025-ci ilə qədər qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram