Müəllif: Gülnar Əhmədli, Banco.az
"Mərkəzi Bank "Nağd pul ofis"lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb. Təəssüf ki, vətəndaşlarımızın heç də hammısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əskinaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki, pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır".
Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
İqtisadçının sözlərinə görə, həmin pulları asanlıqla zədələnməmiş əskinaslar ilə əvəzləmək mümkündür: "Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əskinasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb.
Həmçinin oxu: Zədələnmiş pulları harada dəyişdirmək olar? - ARAŞDIRMA
Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir".
V. Bayramov qeyd edib ki, digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir:
"Buna görə də, yararsız pul nişanlarınız varsa onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz".
Hüquqşünas Əkrəm Həsənov bununla bağlı bildirib ki, vətəndaşlar zədələnmiş pulları kommersiya banklarında dəyişə bilərlər: "Lakin kommersiya bankları həmişə vəsaitləri dəyişməyə də bilər. Çünki kommersiya bankının zədələnmiş vəsaiti dəyişmək kimi bir vəzifəsi yoxdur. Mərkəzi Bankın isə belə bir vəzifəsi var və bu zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Vətəndaş banka yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən pulunu dəyişə bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!