"Ziraat Bank Azərbaycan”ın baş ofisi açılıb | Banco.az

"Ziraat Bank Azərbaycan”ın baş ofisi açılıb

Bu gün “Ziraat Bank Azərbaycan” ASC-nin baş ofisinin açılışı baş tutub.

APA-Economics” xəbər verir ki, açılış mərasimində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, “Ziraat Bankası A.Ş.”-nin rəhbərliyi, o cümlədən Azərbaycanın bank sektorunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışı edən “Ziraat Bankası A.Ş.”-nin baş direktoru, Türkiyənin Banklar Assosiasiyasının prezidenti Hüseyn Aydın qeyd edib ki, “Ziraat Bank Azərbaycan” onun rəhbərlik etdiyi maliyyə qrupunun vacib parçasıdır: “Biz öz dəyərlərimizi Azərbaycan gətirdik. Azərbaycanda artan payımızla iki qardaş ölkənin ticarət əlaqələrinə mühüm töhfə veririk və verəcəyik. Lakin bizim əsas məqsədimiz bazar payımızı artırmaq deyil, Azərbaycanın maliyyə bazarının böyüməsidir. Heç şübhəsiz ki, “Ziraat Bank Azərbaycan” iki qardaş ölkənin iqtisadi əlaqələrini möhkəmləndirəcək”.

E.Rüstəmov isə çıxışında bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, iqtisadiyyatımızın çiçəklənməsinə töhfə verib. Mərkəzi Bank sədrinin sözlərinə görə, “Ziraat Bank” 22 il ərzində Azərbaycanda təmsil olunub, lakin son iki il ərzində müstəqil şəkildə Azərbaycan bank sektorunun mühüm parçasına çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Baş bankir əlavə edib ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ən yüksək səviyyədədir.

N.Zeybekçi isə deyib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan iqtisadi-ticari əlaqələri möhkəmləndirmək baxımından milli bankların olması olduqca önəmlidir:

“Bir ölkənin milli bankının və banklarının olması çox önəmlidir. 2001-ci ildə Türkiyədə tüğyan edən böhran zamanı Beynəlxalq Valyuta Fondu bizim qarşımıza “Ziraat Bankası” və “Halk Bankası”nın bağlanması ilə bağlı şərt qoydu. Şərtlərdən biri də “Vakıf Bankası”nın satılması idi. Heç yadımdan çıxmaz, bir gecədə 350 şöbə bağlandı. Lakin biz şərtlərə əməl etmədik. Bilirsiniz bunlar niyə vacibdir? Qazi Mustafa Kamal Atatürk deyirdi ki, meydan savaşını qazana bilərsiniz, lakin iqtisadi müstəqillik olmazsa, ölkə müstəqil ola bilməz. Bəli, əsl savaş iqtisadi sahədə gedir. İqtisadi müstəqillik olsun deyə milli bankların olması vacibdir. Mən hər dəfə xarici səfərlərdən qayıdan zaman Hüseyn Aydına zəng edirəm və deyirəm ki, getdiyim hər bir ölkədə “Ziraat Bankası”nın açılmasını istəyirlər. Bu cür təkliflər Efiopiya və Keniyadan tutmuş Makedoniya və Rumıniyayadək gəlib. Bunun əhəmiyyəti ondadır ki, türk iş adamları hansısa ölkəyə yatırım edən zaman özlərini güvənli hiss etmək istəyirlər. Bu baxımından “Ziraat Bank Azərbaycan”ın fəaliyyəti olduqca önəmlidir. Azərbaycan və Türkiyə iqtisadiyyatlarının müstəqilliyi baxımından “Ziraat Bank Azərbaycan”ın fəaliyyəti olduqca mühüm yer tutacaq

Ən sərfəli krediti almaq üçün müraciət et