“Zəngəzur dəhlizi enerji növlərinin ixracı üçün mühüm rola sahib olacaq” | Banco.az

“Zəngəzur dəhlizi enerji növlərinin ixracı üçün mühüm rola sahib olacaq”

“Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq”.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova deyib.

"Zəngəzur dəhlizi vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-na çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək”, - Agentliyin rəsmisi bildirib.

A.Zeynalova qeyd edir ki, işğaldan azad edilmiş ərazilər də Bərpa Olunan Enerji Mənbələri (BOEM) ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqeyi bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır:

“İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur.

Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Bildiyiniz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə "Yaşıl enerji" zonası yaradılması nəzərdə tutulub".

A.Zeynalovanın sözlərinə görə, bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO" şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et