Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə vəziyyətlə bağlı müsbət siqnalların olmaması fonunda dünya neft qiymətləri cümə axşamı səhəri cüzi artıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında oktyabr fyuçersləri üzrə Brent nefti bahalaşaraq 91,93 dollar/barel olub. Nyu-York əmtəə birjasında isə WTI nefti artaraq 86 dollar/barelə çatıb.
Qiymətlərə əsas təsir edən amillərdən biri ABŞ prezidenti Donald Trampın İrana qarşı daha sərt iqtisadi tədbirlər elan etməsi ilə bağlı açıqlamalarıdır. Tramp İranın ABŞ-la razılaşmaq imkanından istifadə etmədiyini bildirərək ölkəyə qarşı genişmiqyaslı iqtisadi təcrid tədbirləri görəcəyini açıqlayıb. O, həmçinin İrana iqtisadi dəstək verən ölkələrin də ciddi nəticələrlə üzləşə biləcəyini deyib.
Analitiklərin fikrincə, Yaxın Şərqdə hərbi və siyasi gərginliyin davam etməsi neft bazarında qiymətlərin yüksək qalmasına səbəb olur. Lakin böyükmiqyaslı eskalasiya baş verməyəcəyi təqdirdə qiymətlərdə kəskin sıçrayış gözlənilmir.
ABŞ-da açıqlanan son ehtiyat məlumatları isə bazara müəyyən təzyiq göstərib. Ötən həftə ölkənin kommersiya neft ehtiyatları 4,41 milyon barel artıb. Analitiklər isə əksinə, 600 min barellik azalma gözləyirdilər.
Hazırda bazarın əsas diqqəti Yaxın Şərqdəki proseslərə və ABŞ-İran münasibətlərində mümkün yeni gərginliyə yönəlib.
