Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil”.
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bu fikirlərini əsaslandıran Vüqar Bayramov hesab edir ki, potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür.
“Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.
Deputat qeyd edib ki, hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən cari ilin oktyabr ayında banklar əhaliyə 113.8 milyon ABŞ dollarını nağd şəkildə satdıqları halda, onlardan 137.5 milyon dollarlıq alış ediblər. Bu da o deməkdir ki, oktyabrda da əhalinin 23.7 milyonluq “yastıq” altındakı dollarları banka axıb. Beləliklə, ilin ilk 10 ayı ərzində ölkə bankları əhaliyə nağd şəkildə 1 milyard 217 milyon dollar satmış, eləcə də onlardan nağd şəkildə 1 milyard 365 milyon dollar alıb ki, bu da əhalidən 148 milyon dollarlıq banklara dollar axını deməkdir. 2022-ci ilin eyni dövründə banklar əhaliyə 1 milyard 998 milyon dollar satdmış, onlardan isə 1 milyard 759 milyon dollar almışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!