Yaşıl Kart Sistemi 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Quru Nəqliyyatı Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupu tərəfindən üzv ölkələrin hökumətlərinə göndərilmiş tövsiyə (5 saylı Tövsiyə) əsasında təsis edilmiş və 1 yanvar 1953-cü il tarixindən tətbiq olunmağa başlamışdır.
Əksər Avropa ölkələri, habelə Rusiya, Türkiyə, Ukrayna, Belarus Respublikası, İran, Mərakeş və bir sıra bu kimi ölkələri təmsil edən Yaşıl Kart bürolarının daxil olduğu Yaşıl Kart Sistemi avtonəqliyyat vasitələrinin sahiblərinin (istifadəçilərinin) mülki məsuliyyəti üzrə beynəlxalq sığorta təminatı sistemi qismində fəaliyyət göstərir. Sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir. Bu məqsədlər üçün, sistemə üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtomobil nəqliyyatı vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edilir. Nəticə etibarı ilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.
Hazırda Yaşıl Kart Sisteminə 47 Yaşıl Kart büroları tərəfindən təmsil edilməklə 48 ölkə üzvdür.
Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
2016-cı il ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 10 514 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 7 497 müqavilə Türkiyə və İran İslam Respublikasına, 2 569 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 448 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. 2016-cı il ərzində beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 768 684 manat təşkil etmişdir.
2017-ci ildə isə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 33 814 sığorta müqaviləsi bağlanılmışdır. 2017-cı il ərzində beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 2 125 724 manat təşkil etmişdir.
Pərvanə Aslanova, Banco.az