Yaponiya və ABŞ tariflər üzrə danışıqlara başladı | Banco.az

Yaponiya və ABŞ tariflər üzrə danışıqlara başladı

Müəllif  - Eldar Kərimov/Banco.az

Yaponiya və ABŞ tariflər üzrə danışıqlara başladı 

 Yaponiya ABŞ-ın planlaşdırdığı cavab tarifləri ilə bağlı detalları aydınlaşdırmaq üçün Vaşinqtonla danışıqlara başlayıb. Bloomberg-in məlumatına görə, Tokio mümkün nəticələrə hazırlaşır.

Yaponiya Ticarət naziri Yodzi Muto və Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayasi cümə günü jurnalistlərə bildiriblər ki, Tokio bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə qurub. Bu addım ABŞ Prezidenti Donald Trampın administrasiyasına ticarət tərəfdaşlarına qarşı cavab tariflərinin tətbiqi imkanlarını araşdırmağı tapşırmasından sonra atılıb.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp Yaponiya və Cənubi Koreyanı ABŞ-dan üstünlük qazanan ölkələr hesab edir. O, daha əvvəl Yaponiya ilə ABŞ arasındakı ticarət profisitini və yapon yeninin zəifliyini tənqid edirdi.

Bu dəfə Tramp, ABŞ-dan daha yüksək tariflər tətbiq edən ölkələri hədəf alır. O, həmçinin ədalətsiz subsidiyalar, tənzimləmə maneələri, əlavə dəyər vergisi, valyuta məzənnələri və digər amilləri nəzərə almağı planlaşdırır. Bu, Ağ Ev tərəfindən yayımlanan memoranduma əsasən məlum olub.

Yaponiya üçün ABŞ-ın yeni tariflər tətbiq etməsi onsuz da zəifləyən iqtisadiyyatına ciddi təsir göstərə bilər. Yeni gömrük rüsumları və iqtisadi problemlər Baş nazir Siqeru İsibenin azlıq hökumətini gücləndirmək cəhdlərinə mane ola bilər.

Nazir Muto, Yaponiyanın ABŞ-dan daha yüksək tariflər tətbiq edib-etmədiyi və qeyri-tarif tədbirlərinin mümkün təsirləri ilə bağlı birbaşa cavab verməkdən çəkinib.

“Biz mümkün qədər tez detalları öyrənməliyik və ilk növbədə ABŞ hökumətinin bu məsələdəki mövqeyi barədə məlumat əldə etməliyik”, – deyə rəsmi bildirib. “Biz ABŞ-Yaponiya iqtisadi əlaqələrini inkişaf etdirməyə davam etmək və eyni zamanda milli maraqlarımızı qorumaq üçün müvafiq addımlar atacağıq”.

Bəzi hesablamalara görə, Yaponiyanın ABŞ-dan idxala tətbiq etdiyi orta tarif dərəcəsi 2025-ci ildə 3,2% təşkil edir, ABŞ-ın Yaponiyadan gətirilən mallara tətbiq etdiyi tarif isə cəmi 1,4%-dir. Bu rəqəmlər Siyasi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun professoru Keniçi Kavasaqi tərəfindən təqdim edilib.

Onun fikrincə, Tramp üçün Yaponiya tariflərini azaltmaq, əksinə, ABŞ tariflərini artırmaqdan daha məntiqli ola bilər.

"Yaponiya ABŞ-a çox az kənd təsərrüfatı məhsulu ixrac edir, ona görə də tariflərin artırılması ABŞ-da kənd təsərrüfatı istehsalını artırmayacaq", – deyə Kavasaqi bildirib. "Aydın məsələdir ki, Yaponiya idxal tariflərini azaltmağa razı olsa, bu, ABŞ üçün daha faydalı olar".