Yaponiya - təzadlar, mədəniyyət və gözəlliklər ölkəsi. Bu gözəl ölkə hər zaman hər kəsin diqqətini çəkməkdə davam edir. İstər qeyri-adi ənənələri, istər texnoloji yenilikləri ilə Yaponiya Asiyanın döyünən ürəyidir. Bu yazıda sizi Yaponiya haqda maraqlı və az bilinən faktlarla tanış edəcəyik.
38 milyonluq nüfuza sahib ölkədə nəqliyyatda yaşanan tıxacı təsəvvür etmək çətin deyil. Elə bu səbəbdəndir ki, metroda çalışan bəzi insanların vəzifəsi adamları qatarlara sığışmaqda yardımçı olmaqdır. Bu iş sahiblərinin isə xüsusi adı var –Oshiya.
Geyşalar, Yapon mədəniyyətinin ayrılmaz hissəsi. Bir çoxları geyşa anlayışını düzgün anlamasalar da əslində geyşalar olduqca yüksək intelekt səviyyəsinə malik gənc xanımlardılar. Onların əsas işi tanınan, ziyalı insanlara məclislərdə əyləndirmək, onlar üçün musiqi çalmaq, mahnı oxumaq və Yapon adətlərinin ayrılmaz hissəsi olan çay dəzgahı təşkil etmək idi. Nə qədər qəribə olsa da ilk geyşalar kişilər olub. Daha sonralar onları qadınlar əvəz edib və qadınlar bu işdə kişiləri uğurla əvəzləyiblər.
Sumo güləşi də Yaponiyanın mədəni irsi hesab oluna bilər. Bu işlə məşğul olan insanlar əsas etibarilə çox kök olmalıdırlar, çünki belə olduqda rəqibinin onu yıxması və ya rinqdən atması çətinləşir. Kök olmaq üçün nə etmək lazımdır? Təbii ki, sağlam və olduqca kalorili qidalanmaq. Sumoçular kök olmaq üçün Chankonabe adlı yeməklə qidalanırlar.
Hər kəs yaponların balıqları, xüsusilə dəniz məhsullarını necə sevdiyi haqda xəbərdardır. Çox insan yaponların balina etini sevdiyini düşünsə də əslində bu heç də belə deyil. Yaponlarda ən yaxşı ət at əti hesab olunur. Balina ətini isə əksinə heç də dəyərli hesab etmirlər. Onun protein baxımından zəif olduğunu belə bildirirlər. Yaşlı yaponlar üçün isə bunun başqa səbəbi də mövcuddur. Belə ki, onlar balina ətinin onlara ikinci dünya savaşını xatırlatdığını bildirir. Ən azından balina ovu dünyada heç də müsbət qarşılanmır. Səbəbi isə aydındır. Onların böyüməsi və nəsil verməsi uzun zamanı əhatə edir və nəsilləri kəsilmək təhlükəsi ilə üz-üzədir.
Əgər Amerika və Fransanı gəzmək həzzini birlikdə yaşamaq istəyirsinizsə, onda seçiminiz Yaponiya olmalıdır, çünki burda siz həm Disneyland, həm də Eyfel qülləsinin demək olar ki, eynisi olan Tokio Qülləsini görə bilərsiniz. Hətta deyərdim ki, Yaponiyada görüb, kəşf edəcəkləriniz digər iki ölkə ilə müqayisədə daha möhtəşəm həzz verə bilər.
Yaponlar qürurları uğrunda özünü öldürə biləcək az sayda millətlərdəndir. Bunun bariz nümunəsi samuraydılar. Belə ki, Titanik gəmisi batarkən ordan sağ qurtulan Masabumi Hosono samuray qanunlarına görə özünü öldürməliymiş. O, isə buna gərək duymayıb qurtulduğu üçün media tərəfindən qorxaq adlandırılıb. Qürurla gəmidən sağ qurtulmaq arasında əlaqə tapsaz, bizə də bildirin :)
Yemək yeyərkən bəzi etik qaydalar vardır ki, bir çox hallarda bu demək olar ki, bütün ölkələrdə eynilik təşkil edir. Məsələn, dünyanın bir çox yerində ağzı şappıldadaraq yemək ən böyük mədəniyyətsizlik hesab olunsa da Yaponiyada bu aşpaza tərif kimi qəbul olunur.
Yəni yolunuz Yaponiyadan düşsə, fərqliliyi tənqid etmək yerinə ondan həzz alın, çünki mədəniyyətlər bizi bir-birimizdən ayırdığı halda əksinə maraqlar bizi birləşdirir.
Nəcibə Yusifova, Banco.az