Yapı Kredi Bank Azərbaycan cari ilin birinci rübünə olan nəticələri açıqlayıb. Bu haqda Banco.az portalı Bankın maliyyə hesabatlarına istinadən xəbər verir. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın cəmi aktivləri 7,14% artıb. Bankın kredit portfelində isə artım 3,92% olub.
Beləliklə Bankın aktivlərinin həcmi 373, 490 mln, kredit portfelinin həcmi isə 277, 977 mln manata çatıb. Həmin dövr ərzində depozit portfelində 4,65%, məcmu kapitalda isə 0,65% azalma qeydə alınıb.
Kreditlər və digər aktivlər üzrə ehtimal olan zərər üzrə ayrılmış ehtiyatların həcmi isə 15,137 mln-a çatıb ki, bu da bir il öncə ilə müqayisədə 25% daha çoxdur.
Bankın birinci rüb ərzində faiz gəlirləri, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% artıb. Eyni dövrlə müqayisədə faiz xərclərində artım 49,9% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 67,2%, qeyri-faiz xərclərində 28, 8% olmuşdur. Lakin buna rəğmən bank ötən rübü mənfəətlə başa vura bilməyib. Bankın xalis əməliyyat mənfəəti 2,778.01 manat olduğu halda, aktivlər üzrə yaradılmış ehtiyat xərcləri 3,068.57 manat təşkil edib. Xarici valyutanın məzənnə dəyişməsi nəticəsində Bankın uğradığı zərər isə 5,796.79 manat təşkil edib.