Yanvarda Böyük Britaniyada inflyasiya 3%-ə yüksəlib | Banco.az

Yanvarda Böyük Britaniyada inflyasiya 3%-ə yüksəlib

Müəllif - Eldar Kərimov/Banco.az

Yanvar ayında Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 3% artıb. Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Beləliklə, inflyasiya dekabr ayındakı 2,5%-dən sürətlənərək mart ayından bəri maksimum səviyyəyə çatıb.

Analitiklər inflyasiyanın daha mülayim şəkildə – 2,8%-ə yüksələcəyini proqnozlaşdırırdılar.

Yanvar ayında ərzaq və qeyri-alkoqollu içkilərin qiymətləri 3,3% artıb (dekabrda – 2%). Alkoqollu içkilər və tütün məmulatları 4,9% bahalaşıb (dekabrda – 5,3%), geyim və ayaqqabı 1,8% (1,1%). Restoran və mehmanxana xidmətlərinin qiymətləri 3,3% artıb, rabitə xidmətləri 5,9%, təhsil xərcləri 7,5%, səhiyyə 5% bahalaşıb.

Nəqliyyat xidmətlərinin qiymətləri 1,7% artıb (dekabrda – 0,6% azalma), mebel və məişət əşyalarının qiymətləri isə 0,5% artıb (dekabrda – 0,3% azalma).

Yanvarda Böyük Britaniyada istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb. Dekabr ayında bu göstərici 0,3% artım təşkil edirdi.

Ərzaq, alkoqol, tütün və enerji daşıyıcılarının qiymətlərini nəzərə almayan baza inflyasiya indeksi (CPI Core) illik ifadədə 3,7% artıb, lakin aylıq ifadədə 0,4% azalıb. Dekabrda illik göstərici 3,2% idi, aylıq isə 0,3% artım qeydə alınmışdı.

Yanvarda pərakəndə qiymətlərin artım tempi (RPI indeksi) illik ifadədə 3,6%-ə yüksəlib (dekabrda – 3,5%). Böyük Britaniyada məhz bu indeks işəgötürənlər tərəfindən əmək haqqı danışıqlarında istifadə olunur. CPI və RPI indeksləri arasındakı fərq, RPI-nin mənzil xərclərini nəzərə alması, eləcə də aviabiletlər, sığorta və yanacaq qiymətlərinə fərqli çəki verməsi ilə əlaqədardır.

RPI yanvarda əvvəlki ayla müqayisədə 0,1% azalıb, halbuki dekabrda 0,3% artım qeydə alınmışdı.