Yanvar ABŞ-da işçilər üçün 2009-cu ildən bəri ən pis ay olub | Banco.az

Yanvar ABŞ-da işçilər üçün 2009-cu ildən bəri ən pis ay olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayı ABŞ-da işçilər üçün 2009-cu ildən bəri ən pis ay olub.

Banco.az xəbər verir ki, konsaltinq xidməti göstərən “Challenger” şirkətinin məlumatlarına görə, ABŞ şirkətləri 2009-cu ildə baş vermiş Böyük Tənəzzüldən bəri yanvar ayında qeydə alınan ən yüksək ixtisar səviyyəsini həyata keçirib.

Şirkətlər ötən ay əvvəlki ilin eyni dövrü ilə müqayisədə 118 faiz artımla ümumilikdə 108 min 435 nəfərin işdən azad edildiyini açıqlayıb. Məlumatlar həmçinin göstərib ki, şirkətlərin işə qəbul planları əvvəlki ilə nisbətən 13 faiz azalaraq 5 min 306 nəfərə enib. Bildirilib ki, bu göstərici “Challenger”in 2009-cu ildən bəri apardığı qeydlər üzrə istənilən yanvar ayı üçün ən aşağı ümumi rəqəmdir.

Şirkət rəsmisi Endi Çellencer bildirib: “Adətən ilin birinci rübündə yüksək sayda ixtisar müşahidə olunur, lakin bu yanvar ayı üçün açıqlanan rəqəm xüsusilə yüksəkdir.”

Yanvar ayında elan edilən ixtisarların təxminən yarısı “Amazon.com”, “United Parcel Service” və “Dow” şirkətlərində baş verib. “Amazon” yenidənqurma prosesi çərçivəsində 16 min inzibati vəzifənin ləğv edilməsini planlaşdırdığını açıqlayıb, “UPS” isə 30 minədək işçinin işdən azad ediləcəyini bildirib.

Kimya sənayesi üzrə fəaliyyət göstərən “Dow” təxminən 4 min 500 vəzifəni ixtisar etməyi planlaşdırır. Bundan əlavə, “Peloton Interactive” və “Nike” şirkətləri də işçi sayının azaldılması ilə bağlı qərarlarını elan ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram