Yanlış iqtisadi informasiyanın mümkün mənfi nəticələri | Banco.az

Yanlış iqtisadi informasiyanın mümkün mənfi nəticələri

İnformasiyalar cəmiyyətimzin hər bir sahəsində var.   Bütün proseslər informasiya vasitəsi ilə  bir-birinə ötürülür və ya informasiyaya çevrilir, demək olar ki cəmiyyətin inkişafının əsas resurs bazası mövcud olan informasiyalardır.  Türklər demişkən “doğru söyləyəni doqquz köydən qovarlar”  deyib insanların yanlış məlumatlanmasına yol vermək də bizlərə yaraşmır.  Lakin verilən informasiyalar da bir-birindən fərqlənir. Cəmiyyətimizdə mövcud olan informasiyalar bir sıra kateqoriyaya ayrılır. Məsələn sosial informasiya, mədəni informasiya, iqtisadi informasiya və.s Bu gün haqqında  yazacağım mövzu iqtisadi informasiyalardır. Azərbaycanın yaşayış minimumu, hər hansı bir müəssisənin öz əməkdaşlarına verdiyi əmək haqqı,  məhsula qoyduğu qiymətlər və ya bankda göstərilmiş işə qəbul şərtləri, bankın müştərilərinə təqdim etdiyi hansısa məhsullar, yerli valyutanın məzənnəsi  iqtisadi informasiyanı təşkil edir.  Deməli iqtisadi informasiyalar tərif verməli olsaydıq, cəmiyyətdə hər kəsin iqtisadiyyatda baş verən proseslərdən xəbərdar olması üçün təqdim edilən məlumatlara iqtisadi informasiya demiş olacaqdıq.

İnfomasiyalar təqdim edilməsindən asılı olaraq düzgün və ya yanlış ola bilər.  Əslində yaxşı bir deyim var, “heç kəs öz ayranına turş deməz” . Yəni verilmiş informasiyanın yanlış və ya düzgün olmasını ilk baxışdan bilmək olduqca çətindir.  İnformasiyanın düzgünlüyü edilmiş tədqiqatın və axtarışın səviyyəsindən asılıdır.  Eləcə də iqtisadi informasiyalar da belədir.  Hər hansı bir iqtisadi məlumat güvənilir mənbələrə, dəqiq müşahidələrə, aparılmış tədqiqatlara əsaslanır. Təklif edərdim ki , düzgün iqtisadi informasiyalardan hər kəs danışır, gəlin onları bir kənara  qoyaq və yanlış və ya təhrif edilmiş iqtisadi informasiyalardan danışaq.

Yəqin sizin çəkinizi və ya boyunuzu şəxsiyyət vəsiqəsində yanlış yazsaydılar,  həmin idarənin başına oyun açardınız. Yanlış  iqtisadi informasiyalar da buna oxşayır.  Verilən  yanlış iqtisadi məlumat  ölkədəki  iqtisadi vəziyyətlə, iqtisadi  hadisələrə təsir edir.  Onlar təhrif edilmiş formada təsvir edilməsi ölkə iqtisadiyyatında ani krizislərin baş verməsinə, bir qrup əhalinin həyat səviyyəsinin pisləşməsinə, ölkəyə gəlmiş xarici vətəndaşların sayının azalmasına,  ölkənin iqtisadi nüfuzunun xarici aləmdə aşağı düşməsinə gətirib çıxara bilər.   Elə ona görə də iqtisadi informasiyalar  nə qədər düzgün olarsa ölkənin informasiya divarları da bir o qədər sağlam olacaqdır. İqtisadiyyat sosial bir elm olsada, onu təşkil edən məlumatlarda maksimum dəqiqliklə təsvir edilməlidir. Mövzu dəqiqlikdən düşmüşkən, gəlin qeyri-dəqiq iqtisadi  informasiyanın nələrə gətirib çıxardığına diqqət yetirək. Məsələn,  116 AZN olan minimum əmək haqqı təhrif edilərək hər hansı bir nüfuzlu web saytda  96 AZN göstərilərsə nə baş verəcəkdir? Həmin gün sayta daxil olmuş insanlara hər hansı bir iş müəssisəsindən 100 AZN  əmək haqqı təklif edilərsə onlar  buna heç etiraz göstərmədən razılaşmalı olacaqlar. Yəni   ən azı 116 AZN əmək haqqı almaq hüquqlarından xəbərsiz olacaqlar. Deməli, ilk nöbədə yanlış iqtisadi informasiya bizə hüquqlarımızı bilmədən hərəkət etməyə gəlib çıxardır.  

Ən sərfəli kredit üçün müraciət et

Gəlin başqa bir misala diqqət yetirək.  Fərz edək ki, 1.70 olan USD-AZN valyutası təhrif edilərək Mərkəzi Bankın rəsmi saytında 1.91 olaraq verilmişdir. Nəticədə də, yerli banklarımız və exchange məntəqələri  cari məzənnəni 1.91-dən hesablayacaq. Belə olduqda istər kredit əməliyyatlarında istərsə də valyuta mübadiləsi zamanı  yanlış əməliyyatlar ortaya çıxacaq. Yəni yanlış bir iqtisadi informasiya  domino effekti kimi ardıcıl iqtisadi problemlərə səbəb olacaq.

 Bəs yanlış iqtisadi informasiya bazarın vəziyyətinə necə təsir edəcək?  Tutaq ki, 2016-cı il üzrə  statistika komitəsinin saytında makaronun  orta illik qiyməti hesablanmış 1.82 AZN əvəzinə  yanlışlıqla 1.28 AZN göstərilib.  Nəticədə də bazarda makaronun qiyməti 1.27 AZN müəyyən edilmişdir.  Yaranmış  fərq bazarda makarona tələbatı artırsada, makaron istehsal edən müəssisələr istehsal xərclərini qarşılaya bilmədiklərindən bazarı tərk etmməli olacaqlar. Yəni bazarda makarona tələb olsa da, təklif həmən tələbi qarşılaya bilməyəcək və bazar tarazlığı pozulacaq. Müəssisələrin bağlanması nəticəsində insanlar işsiz qalacaq, deməli işsiz insanların sayı artacaq.  

Yanlış informmasiyanın mənfi nəticələrini saymaqla bitirə bilməyəcəyik. Ümumiyyətlə yaxşı bir deyim var, “ən yaxşı biclik düzlükdür”.   Yanlış və ya qeyri- təqiq təqdim edilmiş iqtisadi məlumatlar cəmiyyətin əsas düşmənidir. Gəlin belə informasiyalarla cəmiyyətimiz aldatmayaq və özümüzü cəmiyyətin düşməninə çevirməyək.  İnformasiya savaşı verdiyimiz bir zamanda,   verdiyimiz iqtisadi informasiyanın  dəqiqliyinə və insanlar üçün faydalı olmasına əmin olaq, əmin olmadıqlarımızdan isə uzaq duraq. 

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et