Xiaomi səhmləri analitiklərin yaxşı proqnozları fonunda rekord həddə bahalaşıb | Banco.az

Xiaomi səhmləri analitiklərin yaxşı proqnozları fonunda rekord həddə bahalaşıb

Müəllif - Eldar Kərimov/Banco.az

 Çin istehlak elektronikası və elektromobil istehsalçısı Xiaomi-nin səhmləri Honkonq Fond Birjasında keçirilən ticarət zamanı 7,2% bahalaşaraq rekord səviyyəyə – 48,4 Honkonq dollarına çatıb.

Bunun əsas səbəbi şirkətin yeni avtomobilinin satınalma vergisindən azad olunması hüququna malik olması barədə xəbər və analitiklərin müsbət tövsiyələri olub, - MarketWatch bildirir.

İyun və ya iyulda satışa çıxarılması planlaşdırılan YU7 yolsuzluq avtomobili Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin vergi azadlığı və ya endirimi hüququ olan nəqliyyat vasitələri siyahısına daxil edilib.

Ekspertlər Xiaomi-nin martın 18-də açıqlayacağı dördüncü rüb maliyyə nəticələrini və şirkətin gələcək perspektivlərini müsbət dəyərləndirirlər.

Daiwa analitiki Con Çoy hesab edir ki, Xiaomi səhmləri süni intellekt sahəsindəki inkişaflar, dövlət subsidiyaları və yeni avtomobil buraxılışı sayəsində bahalaşmağa davam edəcək. Citi analitikləri isə şirkətin oktyabr-dekabr ayları üzrə mənfəətinin bazar proqnozlarını üstələyəcəyini gözləyirlər.

Daiwa şirkət səhmlərinə "bazardan üstün", Citi isə "almaq" tövsiyəsi verib.

2010-cu ildə əsası qoyulan Xiaomi smartfonlar, planşetlər, noutbuklar, televizorlar, "ağıllı" saatlar, "ağıllı" velosipedlər, buxar bişiriciləri və su testerləri istehsal edir. 2024-cü ilin yazından etibarən isə elektromobillər istehsal etməyə başlayıb. Məhsulları 100-dən çox ölkəyə tədarük olunur.