“Xəzərin sahilində süni torpaq sahələrinin yaradılması dənizi əlçatmaz edə bilər” | Banco.az

“Xəzərin sahilində süni torpaq sahələrinin yaradılması dənizi əlçatmaz edə bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək.

Banco.az xəbər verir ki, bu, parlamentdə yeni daxil olan “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qanun layihəsinin tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Məsələyə münasibət bildirən iqtisadçı Eldəniz Əmirov hesab edir ki, o Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyil. Ekspert hesab edir ki, bu  Xəzər dənizin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaqdır:

“Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət, bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir.

Qanuna əsasən hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq. Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttinin faktiki olaraq adi insanlar üçün əlçatmaz edə bilər”.

Ekspert daha bir məsələni xatırladaraq vurğulayıb ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaqdır.

“Xəzərlə bağlı görüləcək işlər çoxdur. Məsələn, Xəzərdə qəfəs balıqçılığının inkişaf etdirilməsi üçün qəfəs balıqçılığına dair qanun layihəsi hazırlanması və ya Xəzərə qarşı “Yaşıl Dünya naminə həmrəylik” ilinin fəlsəfəsinə əks olmayan daha önəmli layihələr icra etmək daha çox səmərəli olardı”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram