Xalq Bank ehtiyatlarını kəskin artırıb | Banco.az

Xalq Bank ehtiyatlarını kəskin artırıb

Mərkəzi Bankın son hesabatlarına əsasən hazırda zərərlə işləyən 8 bank mövcuddur ki, onlardan biri də  Xalq Bank ASC-dir. Xalq Bank-ın iyul ayı üzrə xalis zərəri 27,6 mln manat olmuşdur. Bankın xalis faiz mənfəəti 34,1 mln manat təşkil etsə də, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyat kimi (xərclər) 60,1 mln manatın ayrılması bankın ayın sonunda zərərli çıxmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ötən ilin dekabr ayı üzrə bankın xalis mənfəəti 14 mln manat təşkil etmişdir.

Cari il ərzində bankın aktivlərində də azalma müşahidə edilmişdir. Belə ki, bankın aktivləri 2013-cü ilin yekunları ilə müqayisədə 78 mln manat manat azalaraq,  ümumilikdə 1,20 mlrd manat təşkil etmişdir. Lakin bankın kredit portfelində artım baş vermişdir. Belə kredit portfeli 3,4% artaraq 996,7 mln manat olmuşdur. Başqa banklara verilmiş kreditləri çıxmaqla kredit portfeli 2014-cü ilin iyul ayında 278 mln manat olmuşdur və bu, ötən ilin dekabrı ilə müqayisədə 7,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, vaxtı keçmiş kreditlərin həcmində də artım baş vermişdir. Vaxtı keçmiş kreditlərin məbləği 46,9 mln manat olmuşdur ki, bu da ümumi kredit portfelinin 4,86%-i deməkdir. Halbuki bu göstərici ötən ilin dekabr ayında 37,9 mln manatla kredit protfelində 3,81%-lik xüsusi çəkiyə malik idi.

31.07.2014 tarixinə bankın nizamnamə kapitalı 197 mln manatdan bir qədər çoxdur.