“Volkswagen” şirkəti iddialı ixtisar planı hazırlayıb | Banco.az

“Volkswagen” şirkəti iddialı ixtisar planı hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” şirkəti iddialı ixtisar planı hazırlayıb.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı olan “Volkswagen” Qrupunun baş icraçı direktoru Oliver Blum bildirib ki, şirkətdə həyata keçirilən transformasiya müəyyən başlanğıcı və sonu olan layihə deyil, davamlı şəkildə aparılan bir prosesdir. O, artan qlobal rəqabət təzyiqləri fonunda 2030-cu ilədək dünya üzrə 50 min iş yerinin ixtisar edilməsinin planlaşdırıldığını açıqlayıb.

Şirkətin onlayn formatda keçirilən illik ümumi səhmdarlar yığıncağında çıxış edən Blum avtomobil sənayesindəki şəraitin 2026-cı ildə daha da çətinləşdiyini vurğulayaraq, “Volkswagen”in mövcud vəziyyətini “gərgin və mürəkkəb” kimi qiymətləndirib.

Əsas brend üzrə genişmiqyaslı ixtisar planı

Blum 2026-cı ilin may ayında təqdim olunan yeni “2030 Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəfləri bir daha xatırladaraq bildirib ki, qrup 2030-cu ilin sonunadək 8-10 faiz əməliyyat mənfəət marjasına nail olmaqla “dünyanın ən cəlbedici avtomobil istehsalçısı” olmağı qarşıya məqsəd qoyub.

Plan çərçivəsində yalnız qrupun əsas markası olan “Volkswagen” daxilində 2030-cu ilədək 35 min iş yeri ləğv ediləcək.

Blum qeyd edib ki, 2026-cı ilin sonunadək işçi sayının artıq 19 min nəfər azaldılması nəzərdə tutulur. O həmçinin bildirib ki, indiyədək təxminən 28 min könüllü ayrılma müqaviləsi üzrə razılıq əldə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram