Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın "Volkswagen" avtomobil konserni istehsal gücünü azaltmaq üçün həmkarlar birliyi ilə razılığa gəlib.
Banco.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Şirkətin işçi şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, heç bir zavod bağlanmayacaq, heç kim ixtisar edilməyəcək və daxili kollektiv müqavilə uzunmüddətli perspektivdə qorunub saxlanılacaq.
Eyni zamanda, “Volkswagen” və həmkarlar ittifaqı şirkətin Almaniyadakı beş fabrikində gücün ildə 734 min istehsal vahidi, 2030-cu ilə qədər isə işçiləri ixtisar etmədən 35 min iş yerinin azaldılması barədə razılığa gəliblər. Beləliklə, köhnə mütəxəssislər təqaüdə çıxdıqca konsern yeni mütəxəssislərin işə götürülməsini dayandıracaq, həmçinin təcrübəçilərin qəbulunu azaldacaq.
Xatırladaq ki, dekabrın əvvəlində Almaniyada təxminən 70 min "Volkswagen" işçisi ölkədəki fabriklərin bağlanmasına qarşı tətil keçirib.