Karantin dövründə müsahibələrin onlayn həyata keçirilməsi ən təhlükəsiz variantdır. Banco.az onlayn iş müsahibəsinin uğurlu keçməsi üçün tövsiyələri sizinlə bölüşür.
Özünüz haqqında qısa hekayə yazın
Özünüz və uğurlarınız haqqında ətraflı məlumat verməyiniz xahiş olunacaq. Odur ki, əvvəlcədən əhəmiyyətli məqamları bir kağıza və ya Wordə yazın. Nailiyyətlərinizi qeyd etmək üçün cədvəl tərtib edə bilərsiniz. Cədvəlin birinci sütununda nəticələri, ikinci sütununda isə bunları necə əldə etdiyinizi, qarşılaşdığınız çətinlikləri və hansı qənaətə gəldiyinizi vurğulayın. Beləliklə, daha özünəinamlı bir natiq olacaqsınız. O cümlədən cavab verməyə nə qədər vaxt lazım olduğunu anlayacaqsınız, normadan az və ya çox danışdığınızı yəqinləşdirib müsahibə başlamazdan əvvəl nitqinizə düzəliş edə bilərsiniz. Səriştəli bir mütəxəssis kimi müsbət təəssürat oyatmaq istəyirsinizsə, məsuliyyətli şəkildə hazırlaşın.
Həmçinin oxu: Müsahibənin ilk 7 saniyəsində özünüz barədə necə mükəmməl təəssürat yarada bilərsiniz?
Ünsiyyət qurmaq üçün proqram seçin
İşəgötürənlə zəngləşməzdən əvvəl müsahibənin harada baş tutacağını müzakirə edin. Skype, Zoom ilə yanaşı bir çox başqa proqramlar da mövcuddur. Müsahibənizin nüanslarını nəzərdən keçirin. Bu, sadəcə bir söhbətdirsə, onda video zəng imkanı olan adi bir messencer də kifayətdir. Messencerin üstünlüyü ondan ibarətdir ki, Wi-Fi itsə belə əvvəlcədən işə salınmış mobil internet zəngin davam etməsinə kömək edəcəkdir. Ekranın nümayişi funksiyasına ehtiyac olacaqsa və ya müsahibədə bir neçə şəxs iştirak edəcəksə, daha ciddi proqram seçməlisiniz.
Lazım olan hər şeyi hazırlayın
İlk növbədə noutbukunuzun və ya telefonunuzun adapterini götürün. Batareya ən uyğun olmayan anda bitə bilər. CV, lazımi sənədləri və ya faylları bir qovluqda, linkləri (istinadları) isə bir sənəddə toplayın ki, söhbət əsnasında hər şey əlinizin altında olsun. Arxasında əyləşəcəyiniz masanı da gözdən keçirməyə dəyər. Təsadüfən toxunub sındırmamaq və ya stəkandakı mayeni klaviaturanın üzərinə dağıtmamaq üçün bütün artıq şeyləri stolun üstündən yığışdırın.
Zəngi sınaqdan keçirin
Proqramı seçdikdən sonra dostlarınıza və ya qohumlarınıza zəng edin ki, video və səsin keyfiyyətini, lazımi sənədlərə nəzər yetirməyin sizin üçün nə dərəcədə rahat olduğunu müəyyənləşdirəsiniz. Bununla arxa fonda görülməsini istəmədiyiniz şeylərin görüntüyə düşüb-düşməməsini, ümumiyyətlə, müsahibə zamanı oturacağınız məkanın necə görünməsini, ev sakinlərinin mane olub-olmamasını aydınlaşdıra bilərsiniz. Texniki yoxlamaya əlavə olaraq sınaq müsahibəsi də həyata keçirtmək olar. Sual-cavab zamanı davranışlarınızı izləyin. Bəlkə də, bir çox parazit söz işlədirsiniz və ya heç gülümsəmirsiniz. Öz üzərinizdə həvəslə çalışın. Əsl müsahibədə uğurlar!
Nigar Umaxanlı, Banco.az