Bakı sakini qızıllarını girov qoyduğu lombardın bağlanması ilə əlaqədar polisə şikayət edib. Lombardlarla bağlı bu cür problemlərə tez-tez rast gəlinir. Bəs vətəndaşlar belə hallarda nə etməlidirlər? Lombardlara niyə nəzarət olunmur? Bu və digər suallara aydınlıq gətirməyə çalışmışıq.
Səbail rayon 8-ci Polis Bölməsinə müraciət edən Sevinc İmanova mart ayında lombarda 70 qram qızıl qoyub 800 manat pul götürdüyünü bildirib. Daha sonra borcunu ödəyib qızıllarını geri almaq istəyən qadın obyektin bağlandığını görüb. Hazırda polis lombardın sahibini axtarır.
Qızıl girov müqabilində kredit verən lombardlarla bağlı bu və digər dələduzluq hallarına tez-tez rast gəlinir. Ekspertlərin sözlərinə görə, buna əsas səbəb lombardların lisenziyasız fəaliyyət göstərməsidir.
Mütəxəssislər hesab edirlər ki, ilk növbədə lombard fəaliyyəti haqqında qanun qəbul edilməlidir. Bu fəaliyyət növünə lisenziya verən və nəzarət edən qurum müəyyənləşdirilməlidir. Lisenziya əsasında fəaliyyət qanun pozuntularının və dələduzluq hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər.
İndiki halda isə fırıldaqla qarşılaşan vətəndaş yalnız polisə və məhkəməyə üz tuta bilər. Ancaq lombarda müraciət edərkən də bir sıra məqamlara diqqət yetirməklə dələduzluqdan qismən sığortalanmaq olar.