Vəziyyəti ağır olan bank və BOKT-lar hazırlıqlı olsunlar | Banco.az

Vəziyyəti ağır olan bank və BOKT-lar hazırlıqlı olsunlar

İndiyədək Azərbaycanda banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), sığorta şirkətlərinə, investisiya şirkətlərinə verilmiş lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı əsasında ləğv edilə bilinirdi. Bundan sonra belə bir qərarı Palatanın İdarə Heyəti verəcəkdir.

Bildiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası formal idi. Son vaxtlar bu Şuranın və onun sədri Rüfət Aslanlının fəaliyyəti müşahidə olunmurdu. Məlumata görə, Rüfət Aslanlı ilə İdarə Heyəti arasındakı problemlər bir sıra qərarların qəbul olunmasını gecikdirirdi. Direktorlar Şurasının sədri Rüfət Aslanlı, müavini və Şuranın üzvü faktiki Palatada işləmədiklərinə görə, iclaslar keçirilmirdi və qərarlar qəbul olunmurdu.  

4 Oktyabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsi təsdiq edildi. Yeni nizamnamə ilə Palatanın idarəetmə orqanlarından Direktorlar Şurası ləğv edilib. Şuranın səlahiyyətləri İdarə Heyətinə verilib.

Ən sərfəli kredit üçün müraciət et

İndiyədək mühüm məsələlərə Direktorlar Şurasının iclasların baxılırdısa, bundan sonra İdarə Heyətinin iclaslarıda qərarlar qəbul olunacaqdır. Yeni Nizamnamə Palataya daha çevik qərarlar qəbul etməyə imkan verir. Çünki artıq Palatada iki rəhbərlik mövcud deyil. Rüfət Aslanlı rəsmən vəzifəsini itirib.

Çoxdandır, bir neçə bank və bank olmayan kredit təşkilatının bağlanacağı barədə şaiyələr gəzir. Maliyyə vəziyyəti pis olan banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri hazırlıqlı olsunlar. Bundan sonra Palatada İdarə Heyətinin ayda bir dəfədən az olmayaraq keçiriləcək iclasından sürpriz qərarlar çıxa bilər.

Marja.az