Mayın 15-də Konstitusiya Məhkəməsi dollarla olan kreditlərin yeni məzənnə ilə qaytarılması haqqında qərar verdikdən sonra, gözləmə mövqeyində olan müştərilər ödənişlərini etməyə başlayıb.
Qərar veriləndən keçən təxminən yarım ay ərzində dollarda olan kreditini ödəyən vətəndaşlar artıb.
Bankirlərin gözləntiləri bu ayın sonunda problemli kreditlərinin qismən azalmasıdır.
“Bundan əvvəl hamı gözləyirdi ki, ola bilsin başqa bir qərar çıxa bilər. Bəzi müştərilər vardı ki, ödənişi köhnə kursla yerinə yetirərək xahiş edirdilər ki, bir müddət gözləyək. Qərardan sonra müştərilər tam şəkildə başa düşürlər ki, artıq hansı istiqamətdə hərəkət etmək olar.
Qeyd edim ki, son iki ayda bir çox müştərilər ödənişi dayandırmışdılar. Onlar Konstitusiya Məhkəməsinin məlum qərarını gözləyirdilər. Bu zaman portfel kəskin şəkildə artmışdı. İndi bu proses sabitləşməyə doğru gedir. Müqavilələrə yenidən baxılır və vaxt uzadılır. Süni şəkildə yaranan portfel artıq azalmağa başlayır”, – deyə bank nümayəndəsi Tural Vəliyev bildirib.