Vergi məcəlləsində dəyişikliklərin tətbiqi ilə bağlı seminar keçirildi | Banco.az

Vergi məcəlləsində dəyişikliklərin tətbiqi ilə bağlı seminar keçirildi

Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi və peşəkar mühasib təşkilatı kimi akkreditə olunmuş  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə 13 mart 2020-ci il tarixində  “Vergi Məcəlləsində  Dəyişikliklərin Tətbiqi Zamanı Yaranan Bəzi Problemlər” mövzusunda növbəti seminar baş tutmuşdur.

Müxtəlif qurumların direktorları və baş mühasiblərinin toplandığı seminarın açılışını ARPA İdarə Heyətinin Sədri Günay Şahbazova etmişdir.  Günay xanım eyni zamanda iştirakçılara  ARPA İctimai Birliyinin fəaliyyəti  və Birliyin  həyata keçirtdiyi seminarın əhəmiyyətindən danışmışdır.
Seminarda məruzəçı qismində iştirak edən İqtisadi Araşdırmalar  və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev , “Takl Qrup” şirkətinin baş mühasibi Mahmud Abasquliyev və Vergilər Nazirliyi Tədris Mərkəzinin Vergi Qanunvericiliyinin Tədris şöbəsinin dosenti Rəşad Əhmədov tərəfindən ƏDV-nin uçotu ilə bağlı dəyişikliklər, TTA-nın alışı və satışı zamanı vergilərin hesablanması və uçotu ilə bağlı dəyişikliklər zamanı yaranan problemlər  mövzusundakı məsələlərə aydınlıq gətirilmişdir.
Seminarın sonunda  iştirakçıları  maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 600-dən çox  fərdi, 12  korporativ üzvü vardır.