Vəkillərin vergi və sosial sığorta öhdəliyi | Banco.az

Vəkillərin vergi və sosial sığorta öhdəliyi

Vergi Məcəlləsinin 99.3.11-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri xidmətə görə alınan ödənişlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər qrupuna aiddir. Məcəllənin 101.2-ci maddəsinə görə isə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərək bildirib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 5-ci maddəsinin V bəndinə əsasən, vəkillər fərdi qaydada və ya qanunvericiliyin tələblərinə uyğun yaradılan vəkil qurumlarının - hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s. tərkibində fəaliyyət göstərə bilərlər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması könüllü şəkildə seçilir.

Vəkillər fəaliyyət formalarından asılı olaraq vergiyə cəlb edilirlər

Vergi Məcəlləsinin normalarından göründüyü kimi, vəkillik fəaliyyətindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğu üçün vəkillər gəlir vergisi ödəyiciləridir. Fərdi qaydada fəaliyyət göstərən vəkillər bunun üçün qeydiyyatda olduqları ərazi üzrə vergi orqanında qeydiyyata alınmalıdırlar. Eyni zamanda, həmin şəxslər fəaliyyət göstərəcəkləri təsərrüfat subyektini ofis olaraq icarə müqaviləsi və ya mülkiyyət hüququna dair sənəd əsasında vergi orqanında qeydiyyata aldırmalıdırlar. Qeydiyyat sənədləri əsasında kassa mədaxil orderi, mədaxil qəbzi sifariş verilməlidir. Bununla yanaşı, fərdi qaydada fəaliyyət göstərən vəkillər əldə etdikləri gəlir və xərclərinin uçotunu vaxtlı-vaxtında aparmaqla müvafiq bəyannamələri təqdim etməli, vergiləri və məcburi dövlət sosial sığorta ödənişlərini dövlət büdcəsinə ödəməlidirlər.

Fərdi qaydada fəaliyyət göstərən vəkillər Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəyirlər. Məcəllənin 149.1.4 və 149.2-ci maddələrinə görə, vəkillər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. 152-ci maddəyə əsasən isə bəyannamədə göstərilən məbləğ həmin tarixədək dövlət büdcəsinə ödənilməlidir.

Fərdi qaydada fəaliyyət göstərən vəkillərin məcburi dövlət sosial sığorta ödənişlərinə gəlincə, "Sosial sığorta haqqında" Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Həmin Qanunun 10-cu maddəsində isə göstərilir ki, fərdi qaydada fəaliyyət göstərən vəkillər sığortaedən olaraq hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq hesabat təqdim etməlidirlər. Lakin Qanunun 14.6-cı maddəsinə görə, qeyd olunan ödənişlər hər ay üçün hesablanır, hesablandığı aydan növbəti ayın 15-dən gec olmayaraq yalnız nağdsız hesablaşma qaydasında dövlət büdcəsinə ödənilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişlərini isə müvafiq bürolar yerinə yetirir. Vəkil büroları qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla vəkilləri üzvlüyə qəbul edir və onların vəkillik fəaliyyəti ilə əlaqədar bütün müqavilələrin bağlanması, sorğuların verilməsi və s. hüquqi prosedurlarda tərəf olur, eyni zamanda vəkillərin müqavilə əsasında ödənilən xidmət haqlarından məcburi ödənişləri ödəmə mənbəyində tutmaqla icra edir. Fərdi qaydada fəaliyyət göstərən vəkillərdən fərqli olaraq, hər hansı vəkil bürosunun tərkibində fəaliyyət göstərən vəkillər hüquqi yardım üçün müraciət edən şəxslə müqavilə bağlayan zaman ödənilən xidmət haqqı məbləğini vəkil bürosunun hesabına köçürür və görülən iş tamamlandığı zaman həmin məbləğin məcburi ödənişlər çıxıldıqdan sonra qalan hissəsi vəkilin bank hesabına ödənilir.

Praktikada vəkil büroları vergi agenti kimi üzvləri olan vəkillər tərəfindən müqavilələr üzrə ödənilən xidmət haqqı məbləğlərindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisini və "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta ödənişlərini tutaraq dövlət büdcəsinə ödəyirlər.

Fərdi qaydada fəaliyyət göstərən vəkillər öz gəlirlərindən vergini illik ödədikləri halda ( praktikada mövcud olan il ərzində hissə-hissə ödəmə məcburi deyil), vəkil bürolarının tərkibində olan vəkillərin hesabatları və ödənişləri rüblük həyata keçirilir. Yekunda eyni faiz dərəcəsi tətbiq olunsa da, əslində, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsi üzrə tutulan ödənişlərə Məcəllənin 101.1-ci maddəsi üzrə nəzərdə tutulan 2.500,0 manatadək gəlirdən 14 faiz vergi dərəcəsi tətbiq edildiyi üçün, anlaşılan odur ki, vəkil ay ərzində üzvü olduğu büronun hesabına 2.500,0 manatdan yuxarı məbləğdə xidmət haqqı köçürdüyü halda, yuxarı olan hissənin 25 faizindən də gəlir vergisi hesablanmalıdır.

Eyni zamanda, vəkil büroları tərəfindən vəkillərin məcburi dövlət sosial sığortası "Sosial sığorta haqqında" Qanunun 14.5.5-ci maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə deyil, həmin Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə müəyyən edilən, gəlirlərinin 25 faizi həcmində olan hissədən tutulur.

Vergiler.az