Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunub | Banco.az

Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunub

ABŞ-ın paytaxtında Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illik yubileyinə həsr olunmuş forum keçirilib.

Yubiley tədbiri ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmilərini və biznes dairələrini bir araya toplayıb.

İki paneldən ibarət olan tədbirin birinci hissəsi Vaşinqtondakı Ticarət Palatasının binasında baş tutub.

Yubileyi giriş nitqi ilə Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti açıq elan edib: “1994-cü il sentyabrın 20-də Bakıda imzalanan "Əsrin müqaviləsi" Xəzər neftini dünyaya təqdim etdi. O vaxtdan Xəzər regionu ölkələri iqtisadiyyatlarını sürətlə inkişaf etdirdilər. Bu inkişafa təkan verən və tarixi qərarlardan biri Xəzər dənizində “Azəri”,”Çıraq” neft yataqlarının birgə işlənməsi proqramına başlamış 11 iri neft şirkəti ilə Azərbaycan arasında əlamətdar sazişin imzalanması oldu. Biz bu müqavilənin 25 illiyini qeyd etmək, bu gün qlobal enerji mövcudluğunun və təhlükəsizliyinin yaxşılaşdırılmasında rolunu əks etdirmək, Azərbaycanda, Qazaxstanda və Böyük Xəzər regionunun digər ölkələrində enerji sektorunun inkişafının gələcəyini araşdırmaq üçün toplandıq.”

Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib. Öz çıxışında nazir ölkənin Xəzər regionunun iqtisadi inkişafında oynadığı mühüm roldan və “Əsrin müqaviləsi”nin bu rola necə töhfə verdiyindən danışıb: “ 25 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda və bütün Xəzər regionunda yeni bir dövr başladı. Bu müqavilə sayəsində Azərbaycan müstəqillik yolunda ilk kövrək addımlarını atan ölkədən davamlı inkişaf edən güçlü ölkəyə çevrilib”.

Forumda çıxış edən ABŞ-ın enerji nazirinin birinci müavini Mark Menezes ABŞ və Azərbaycanın enerji sektorundakı əlaqələrinin dünya bazarındakı əhəmiyyətindən bəhs edib: “Enerji təhlükəsizliyi iqtisadi rifahı və milli təhlükəsizliyi təmin edir və bu prioritet məsələdir. Enerji heç vaxt siyasi təzyiq üçün istifadə edilməməlidir. 27 illik ikitərəfli münasibətlər dövründə Azərbaycan ABŞ-ın vacib tərəfdaşına çevrilib, bu əlaqələrin daha da genişləndirilməsini arzu edirik. Azərbaycan etibarlı tərəfdaşdır, bizim və bütün dünya üçün vacib ölkədir. ”

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışı zamanı iki ölkənin enerji sahəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirərək gələcəkdə bu əlaqələrin dərinləşməsi üçün böyük potensial olduğunu söyləyib. Cənab səfir eyni zamanda Azərbaycanin öz enerji siyasətini uğurla həyata kecirdiyini ve Avropanın enerji tehlukəsizliyinə böyük töhvə verdiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta  “Əsrin müqaviləsi”nin iqtisadi rolundan və Xəzər regionuna təsirindən danışıb.Sazişin əhəmiyyətini vurğulayan R. Sekuta, müqavilənin  Azərbaycan vətəndaşlarının iqtisadi rifahının yaxşılaşdırılmasına təsirini də qeyd edib.

Forumda, Xəzər Siyasət Mərkəzi  rəhbərliyi, ABŞ Dövlət Departamentinin Enerji resursları üzrə Dövlət Katibinin muavini Fransis Fannona enerji sektorunda və Böyük Xəzər bölgəsindəki fövqəladə işlərinə görə mükafat təqdim edib. F. Fannon qeyd edib ki, enerji siyasi sabitliyin təməlidir və ona görədə ABŞ siyasətinin vacib bir hissəsidir. Dövlət Katibinin müavini bildirib ki, ABŞ bir sıra prinsiplərə əsaslanan ölkələrə dəstək olmaq istəyir, sərbəstliyə və azadlığa əsaslanaraq, həmin ölkələrlə tərəfdaşlıq etmək niyyətində olduqlarınıda vurğulayıb.

Tədbir zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov “Əsrin müqaviləsi”nin 25 illik uğuru və enerji sektoru üçün əhəmiyyəti haqqında fikirlərini bölüşüb: “Bu forum bizə Azərbaycan və ABŞ-ın enerji sənayesində və digər sahələrdə bir-birinə çoxyaxın olduğunu göstərir. Bu iki ölkə heç vaxt enerjidən digər ölkələrə hakim olmaq üçün bir vasitə kimi istifadə etməyib. Biz qlobal əhəmiyyətli əməkdaşlığın nəticələrini qeyd edirik bugün. “Əsrin müqaviləsi” enerji sektoru üçün vacibdir, amma daha vacibi odur ki, Azərbaycan üçün xarici tərəfdaşlarla iş birliyidir.”

Forumdan sonra “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan tədbirin Howard teatrda qala hissəsi baş tutub.  Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov səfir Robert Sekuta və səfir Erik Rubinə “Azərbaycan Respublikasının diplomatik xidmət organlarının 100 illiyi” medalını təqdim edib. Qala gecəsində Xəzər Siyasət Mərkəzi tərəfindən Azərbaycanın energetika naziri Pərviz Şahbazova,   ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Daniel Steina,SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstara və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə mükafatlar təqdim olunub.

Daha sonra Azərbaycan musiqiçilərinin ifaları dinlənilib.

“Əsrin müqaviləsi”  - 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Xəzər Siyasət Mərkəzinin əsas tədqiqat obyektini təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et