Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib.
Banco.az AMB-nin rəsmi statistikasına əsasən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3 % çoxdur. Noyabrın sonunda bu rəqəm 10 milyard 615 milyon 900 min dollar təşkil etsə də, 2023-cü ilin dekabrında adı çəkilən qurumun ehtiyatı 997 milyon 100 min dollar artaraq 11 milyard 613 milyon dollara çatıb.
Vəziyyəti şərh edən iqtisadçı Pərviz Heydərov bildirdi ki, AMB-nin valyuta ehtiyatları həcminin bir il ərzində bu qədər artması müsbət nəticədir:
"Doğrudur, xarici ticarət dövriyyəmizdə müsbət saldo hökm sürür, ölkənin tədiyyə balansında da vəziyyət qənaətbəxş görünməklə yanaşı manatın məzənnəsi də möhkəmdir. Yəni iqtisadiyyatda artım var, ciddi kənar təsir və təzyiqlər isə mövcud deyil.Amma vəziyyət dəyişə də bilər.
Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil edir. Statistikaya əsasən 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 29 milyard 345 milyon 994 min dollarlıq ixracın 26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edib ki, yalnız 2 milyard 712 milyon 531 min 270 dolları, başqa sözlə desəm, cəmi 9,24%-i qeyri neft-qaz sektorun payına düşüb.
Göstərilən rəqəmlər 2022-ci ilin eyni dövründəki ilə müqayisədə ixracın 15,5% azalaraq 29 345 milyon ABŞ dolları, idxalın isə 22,3% artaraq 14 174 milyon dollar təşkil etdiyini deyir. Nəticə etibarı ilə də, xarici ticarətdə 15 milyard 171 milyon dollarlıq müsbət saldo yaransa da bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3% az təşkil edib. Başqa sözlə xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə mənfi istiqamətdə dəyişib”.
Səbəblər barədə danışan iqtisadçı vurğuladı ki, neft-qaz üzrə ixracın həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azalması, idxalda artımın ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etməsi xarici ticarətdə müsbət dinamikanı əldən verə bilmək kimi təhlükəni bir az da yaxınlaşdırır:
“Ticarət və tədiyyə balansı mənfi dinamikaya doğru dəyişdiyi təqdirdə, daxili valyuta bazarında alış yönümlü tendensiya istər-istəməz dərhal satışa çevrilməlidir. Yəni bu, qaçılmaz xarakter daşıyır.
Üzən məzənnə rejiminin tətbiqi isə bizdə hələ mümkün deyil. Ona görə ki, sərbəst üzən məzənnə rejimi milli pul vahidinin sərbəst alqı-satqı prosesinə, ölkədə valyuta çoxluğu və azlığına, valyutaya olan tələbə, ölkəyə daxil olan valyuta həcmi ilə ölkədən çıxan valyuta həcmi arasındakı nisbətə, xarici ticarət dövriyyəsinə, tədiyyə balansına əsasən müəyyən olunur.
2017-ci ildən bəri AMB manatın məzənnəsini inzibati əsasda nəzarətdə saxlayır. Səbəb odur ki, ölkədə valyuta satışını təkcə Dövlət Neft Fondu təşkil edir. Valyutaya tələbi olan isə çoxlu sayda subyekt - banklar, idxalçı şirkətlər, əhali var. Satan isə bir subyektdir. AMB valyutanı sərbəst üzən məzənnə rejiminə buraxa bilməz. Ölkədə ixracın 50 faizindən çoxu qeyri-neft-qaz sektorundan çox olacağı həddə qədər manatın məzənnəsini inzibati qaydada saxlamaq siyasəti davam edəcəko vaxta qədər davam edəcək”.
Bizi sosial şəbəkələrdən izləyin!!