“Valyuta ehtiyatlarda müşahidə olunan azalma ciddi problem yaratmayacaq” | Banco.az

“Valyuta ehtiyatlarda müşahidə olunan azalma ciddi problem yaratmayacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Mərkəzi Bankın açıqlamasına görə, oktyabr ayında xarici valyutada dövlət xərclərini dəstəkləmək məqsədilə bank tərəfindən 424 milyon ABŞ dolları məbləğində xüsusi satış həyata keçirilib. Bu satış, dövlət layihələri və tədbirləri, müdafiə xərcləri, xarici valyutada öhdəliklərin azaldılması kimi strateji əhəmiyyətli məqsədlərə yönəlib. Nəticədə, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin ilk on ayında ümumilikdə 241 milyon ABŞ dolları azalıb.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli düşünür ki, Mərkəzi Bankın ehtiyatlarının azalması iqtisadiyyata birbaşa mənfi təsir göstərmir, yalnız psixoloji təsirlər yarada bilər. Onun sözlərinə görə, vətəndaşlar ehtiyatların azalmasından narahat olaraq, dollara tələbatın artacağını və bunun da dolların bahalaşmasına səbəb olacağını düşünə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Mərkəzi Bank əvvəlcədən dövlətin Qarabağ bölgəsindəki layihələri və yaxınlaşan COP29 tədbiri ilə bağlı xərclərini qarşılamaq üçün müəyyən addımlar atacağını elan etdi. Bu məqsədlə ehtiyatlardan istifadə müvəqqəti xarakter daşıyır və ölkənin valyuta gəlirlərinə və ya tədiyyə balansına ciddi təsir etməyəcək. Tədiyyə balansı profisitli olmadığından, Mərkəzi Bankın bu addımları sadəcə vətəndaşlarda dollara tələbatın artacağına dair psixoloji narahatlıq yarada bilər”.

İqtisadçı onu da qeyd edib ki, Mərkəzi Bank dövriyyədə olan pulu zamanla hərraclar və digər vasitələrlə geri toplamağa qadir olduğundan, ehtiyatlarda müşahidə olunan azalma ciddi problem yaratmayacaq.