2015-ci ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 89 faizi dollarla aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün pul siyasəti icmalında deyilir.
Hesabata əsasən, qalan 11 faiz əməliyyat digər valyutalarda aparılıb.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə dollar ilə əməliyyatların həcmi 2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,3 dəfə artıb.
Hesabatda bildirilir ki, I yarımillikdə valyuta bazarı üzrə dövriyyədəki artım əsasən I rübdəki proseslərlə (fevralın 21-də manatın məzənnəsinin dəyişməsi) əlaqədardır: “Belə ki, ötən ilin eyni dövrünə nəzərən dollar ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi I rübdə 2,4 dəfə artmışdısa, II rübdə artım 1,6 dəfə olub”.
Hesabat dövründə banklar tərəfindən əhaliyə xalis satılan nağd xarici valyuta dollar ilə 2 dəfə artıb: “Nağd xarici valyutaya tələbin artması da əsasən I rübdə baş verib. Belə ki, I yarımillikdə xalis satılan dolların 76 faizi, avronun isə 56 faizi I rübdə satılıb”.