Müəllif: Gülnar Əhmədli, Banco.az
"Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib. İki ölkə arasındakı strateji münasibətlər son illər daha da dərinləşməkdədir. Son 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakə strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər"
Banco.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov açıqlayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbayanın Özbəkistana ixracının dəyəri 26 milyon 684 min manat, bu ölkədən idxalının dəyəri isə 65 milyon 719 min dollar dəyərində olub. Hesabat dövründə Özbəkistan Azərbaycandan 25 milyon 694 min dollarlıq qeyri-neft məhsulları idxal edib.
İqtisadçının sözlərinə görə, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir: "Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında (TDT) sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.
Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək.
Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir".
Bizi sosial şəbəkələrdən izləyin!!