Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal nüvə enerjisinə tələbatın artması və investisiya fondlarının aktiv alışları fonunda uranın dünya bazarındakı qiyməti son 17 ayın maksimum səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, uranın bir funtunun qiyməti 85,25 ABŞ dolları təşkil edib.
Məlumata görə, ABŞ hökumətinin uranın zənginləşdirilməsi üzrə yeni zavodların tikintisi üçün icazə prosedurlarını yumşaltması və ölkədə yeni nüvə enerji güclərinin yaradılması planları bazara əlavə impuls verib. Xüsusilə, Rusiya nüvə yanacağına tətbiq edilən sanksiyalardan sonra yaranan tədarük boşluğunu doldurmaq məqsədilə Cameco və Centrus şirkətləri ilə bağlanan müqavilələr diqqət çəkir.
Ekspertlər bildirir ki, nüvə enerjisinə, eləcə də enerji tutumlu məlumat mərkəzlərinə yatırımların artacağı ilə bağlı gözləntilər uran fondlarını daha aktiv alışlara sövq edir. Dünyanın ən böyük uran investisiya fondu olan Sprott Physical Uranium Trust (SPOTT) yaxın vaxtlarda 100 min funt uran satın alıb.
Analitiklərin qiymətləndirməsinə görə, orta və uzunmüddətli perspektivdə uran qiymətlərinin yüksəlməsi davam edə bilər. Buna səbəb əlavə investisiya tələbinin artması və ikinci dərəcəli uran mənbələrinin bazarda getdikcə daha az əlçatan olmasıdır. Uzunmüddətli dövrdə isə Çin, Hindistan və digər ölkələrdə yeni nüvə elektrik stansiyalarının istismara verilməsi urana olan tələbatı daha da gücləndirəcək.
