Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən tanınmış investorlarından biri, "Berkshire Hathaway" şirkətinin sədri Uorren Baffet sərvətinin demək olar ki, hamısını xeyriyyə fondlarına bağışlayacağını açıqlayıb.
Banco.az xəbər verir ki, 95 yaşlı milyarder bildirib ki, həyatdakı uğurunun əsas səbəblərindən biri şans olub. Onun sözlərinə görə, dünyanın ən varlı insanlarından birinə çevrilməsi böyük imkanların və təsadüflərin nəticəsidir.
Baffet CNBC telekanalının "Squawk Box" proqramında verdiyi müsahibədə deyib ki, 8 milyard insan arasında ən şanslı şəxslərdən biri olduğunu düşünür. O, ABŞ-da doğulmasını, sağlamlığını və erkən yaşlarından investisiya dünyasına daxil olmaq imkanını böyük üstünlük kimi qiymətləndirib.
Məşhur investor qeyd edib ki, atasının səhm brokeri olması onun maliyyə sahəsində erkən təcrübə qazanmasına kömək edib. Baffet bildirib ki, əgər başqa şəraitdə doğulsaydı, bu imkanlara sahib olmaya bilərdi.
Forbes məlumatlarına görə, Uorren Baffetin sərvəti təxminən 140 milyard dollar təşkil edir. Milyarder 2010-cu ildə ömrü boyu sərvətinin 99 faizini bağışlamağı öhdəsinə götürüb.
Baffet bildirib ki, Berkshire Hathaway-dəki bütün səhmlərini 2034-cü ilin sonuna qədər satmağı planlaşdırır. İanələr onun üç övladının idarə etdiyi ailə fondlarına yönəldiləcək.
Planlara əsasən, 2025-ci ildə təxminən 7 milyard dollarlıq, daha sonra isə hər il ən azı 17 milyard dollarlıq ianələrin həyata keçirilməsi nəzərdə tutulur.
Uzun illər ərzində Baffet səhmlərinin böyük hissəsini Bill və Melinda Qeyts Fonduna bağışlayıb. Lakin yeni plana əsasən, gələcək ianələr bu fonda deyil, onun övladlarının idarə etdiyi xeyriyyə təşkilatlarına yönələcək.
Baffet bildirib ki, sərvətin idarə olunması məsuliyyəti artıq uşaqlarının üzərində olacaq və onlar vəsaitlərin cəmiyyətə ən çox fayda verəcək şəkildə istifadə edilməsinə qərar verəcəklər.
Baffetin ailə fondları əsasən erkən uşaqlıq təhsili, qida təhlükəsizliyi, səhiyyə, qadınların və uşaqların iqtisadi imkanlarının artırılması kimi sahələrə dəstək verir.
Milyarder hesab edir ki, böyük sərvətə sahib insanlar cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onun fikrincə, insanların həyatda əldə etdiyi imkanlar çox vaxt doğulduqları şəraitdən asılıdır.
